COP29-a ev sahibliyi etmək Azərbaycana olan böyük ehtiramdır - Zeynəb Kazımova

Bu ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi Azərbaycana olan böyük ehtiramdır. SİA-nın məlumatına görə, bu barədə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Mətbuat sektorunun müdiri Zeynab Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energy talks” (Enerji söhbətləri) layihəsi üzrə Bakı Slavyan Universitetində (BSU) “Yaşıl enerjiyə keçid” mövzusunda təşkil edilən seminarda bildirib.

O, öz növbəsində “Energy talks” layihəsi barədə qısa məlumat verib, bu layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Azərbaycan Texniki və Sumqayıt Dövlət universitetlərində birgə tədbirlər həyata keçirildiyini qeyd edib.

Z. Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ölkəmizdə müxtəlif səviyyələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. O bildirib ki, BSU-da bu əlamətdar il çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis olunması diqqətçəkən və maraqlı bir təşəbbüs olub.

BSU-nun rektoru Anar Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bununla əlaqədar olaraq universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, eləcə də bu il çərçivəsində yaradılmış “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu barədə məlumat verib və bildirib ki, bu qrup universitetin birinci rəsmi könüllülük hərəkatıdır: “Hədəfimiz ondan ibarətdir ki, il ərzində gənclərimiz “yaşıl dünya” kontekstində maarifləndirməyə öz dəstəklərini versinlər”.

O, eyni zamanda, bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladıb. A. Nağıyev, həmçinin “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın BSU-da təşkilinə görə EMTA rəhbərliyinə öz təşəkkürünü bildirib.

Tədbirdə AERA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib. Seminar AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənovun “Elektrik avtomobilləri üçün enerji doldurma xidmətinin tənzimlənməsi” və Energetika Nazirliyi yanında Bərpa Olunan enerji Mənbələri Dövlət Agentliyinın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Azərbaycanda yaşıl enerjinin inkişafı” mövzularında təqdimatları ilə davam edib.

Tədbirin yekununda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.

Xatırladaq ki, tədbirdə AERA-nın, həmçinin BOEMDA mütəxəssisləri, BSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, o cümlədən “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə