Otüstü hokkey üzrə IX Azərbaycan çempionatı başa çatıb

Otüstü hokkey üzrə IX Azərbaycan çempionatı başa çatıb

Yüksək dəstədə yarışan ötüstü hokkey üzrə kişi komandalarının son oyunları ilə IX Azərbaycan çemponatına yekun vurulub. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilk olaraq meydana yüksək dəstə komandaları çıxıblar. Əzəli rəqiblər "Akkord"və "Atasport" komandalarının oyunu yarışların başa çatmasına 2 tur qalmış çempionluğunu rəsmləşdirən "Akkord" üçün elə bir prinsipiallıq kəsb etməsə də ötən ilki "qızıl" medallara sahib olan "Atasport"a yarışı 2-ci yerdə başa vurmaq üçün yalnız qələbə lazım idi. Təəssüf ki, baş məşqçi Saleh Hüseynovun yetirmələri qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyiblər. Birinci hissənin 20-ci dəqiqəsində Əmrah Nuriyev "Atasport"u hesabda irəli çıxaranda güman etmək olardı ki, ötən ilki çempion qarşıya qoyduğu vəzifənin öhdəsindən gəlməyi bacaracaq. Ancaq ikinci hissənin ortalarında Saleh Balamiyev hesabı bərabərləşdirdikdən sonra Rauf Şükürov "Akkord"u hesabda irəli çıxarıb. Görüşün başa çatmasına 2 dəqiqə qalmış Vitali Çequrko yenidən hesabda tarazlıq yaradıb. Matçın heç-heçə başa çatacağı güman edilsə də, 69-cu dəqiqədə S.Balamiyev "Akkord"un qələbə topunu vurub. Bundan sonra "Şahdağ"-"Gənclik" matçının nəticəsini gözləmək lazım olub. "Atasport"dan 1 xal geri qalan Qusar hokkeyçilərinin həmin oyunda qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. "Gənclik" komandasının yalnız nəzəri cəhətdən rəqibinə qalib gələ biləcəyinə ümid bəsləmək olardı. Lakin "Şahdağ" bütün şübhələri birinci hissədə 5 cavabsız qol vurmaqla aradan götürüb. Matçın yekun hesabı isə 7:3 oldu. Beləliklə, 31 xal toplayan "Akkord" I,"Şahdağ"(21 xal) II, "Atasport" isə 19 xalla III yeri tutub.
     I dəstədə qalibin müəyyənləşdirilməsi üçün Nizami RİOEUGİM-in "Kür" komandası üzərində 14 top fərqi ilə qalib gəlmək vəzifəsi yalnız 50 % yerinə yetirilib. Rəqib qapısından 7 cavabsız qol keçirən paytaxt hokkeyçiləri 2-ci yerlə kifayətlənməli olublar. Yarışlardakı çıxışlarını dayandıran Cəlilabad təmsilçisi "Göytəpə" ilə oyuna görə texniki qələbə alan "Gəncə" komandası isə 30 xal toplayaraq topların daha yaxşı fərqinə görə Nizami rayonunun hokkeyçilərini geridə qoyub I dəstənin qalibi adını qazanıb. Reqlamentə görə "pley-off"da yüksək dəstədə sonuncu yeri tutan "Gənclik"(Sumqayıt) komandası ilə I dəstənin qalibi arasında bir oyun keçiriləcək. Həmin görüş noyabrın 6-da saat 13.00-da başlayacaq. Oyunun qalibi gələn mövsüm yüksək dəstədə yarışmaq hüququ qazanacaq.
Oyunlar başa çatandan sonra çempionatın mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə qadın otüstü hokkeyçilərdən ibarət komandalar təltf olunublar. Nizami RİOEUGİM "qızıl","Atasport -2" "gümüş","Bakı" klubu isə "bürünc" medallara sahib olublar. Medallardan əlavə hər komanda üzvünə diplom və pul mükafatları təqdim edilib.
   Yarışın təşkilat komitəsi müxtəlif nominasiyalar üzrə çempionatın ən yaxşı oyunçularını da qiymətli hədiyyələrlə mükafatlandırıb: Anar Gülməmmədov ("Şahdağ) və Oksana Kuznetsova ("Atasport-2") "Ən yaxşı qapıçı", Zöhrab Əlmirzəyev ("Atasport") və Nurlanə Mövsümova (Nizami RİOEUGİM) "Ən yaxşı oyunçu", Saleh Balamiyev("Akkord"-28 qol) və Amaliya Həsənova ("Bakı"-17 qol) "Ən məhsuldar oyunçu" nominasiyasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə