21-23 dekabr 2013-ci il tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş və daha yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.
Güləşçilər 55, 60, 66, 74, 84, 96 və 120 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində gözlənilən dəyişikliyi nəzərə alaraq, çempionatda yarışan idmançılara 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.
Proqrama əsasən, dekabrın 21-də yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq, dekabrda 22-də yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da başlayacaq. Yarışların təntənəli açılış mərasimi dekabrın 21-də, saat 17.00-da keçiriləcək.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə