Uşaqların tərbiyə məsələsində özbaşınalıq hökm sürür - SORĞU

Çağdaş dövrün ən böyük probleminə çevrilmiş cinayət hadisələrinin yeniyetmələr arasında getdikcə daha da artması olduqca təhlükəli hal alıb. Belə ki, xüsusilə məktəblilər ya özlərinin, ya da bir-birlərinin canına qəsd edir. Adətən buna yeniyetmələrin lazımınca təlimə, təhsilə yiyələnə bilməmələri, sosial-iqtisadi vəziyyətlərinin pis olması və s. səbəb olur. Bəs görək şəhər sakinləri yeniyetmələri cinayətə sövq edən səbəblər barədə nə düşünür. SİA bu mövzu ilə sorğu keçirib.

Şəhər sakini Hicran Əmikişiyeva: "Uşaqları pozan əsas amil telefon və sosial şəbəkələrdir. Sosial şəbəkələrdə aqressiya yaradacaq videolar və s. izləyirlər. Bu da onların psixologiyasına təsir edir. Yeniyetmələr ölümün nə olduğunu başa düşmürlər, onlara hər şey oyun kimi gəlir. Təbii ki, ailədən, ətraf-mühitdən də çox şey asılıdır. Uşaqlar arasında onları cinayətlərdən yayındırmaq üçün təbliğat aparmaq lazımdır".

Şəhər sakini Həsən Əbilov: "Məncə, sosial şəbəkələr uşaqları korlayır. İnternetdə özlərini "vorzakon" adlandıran kütlə tamamilə yox olmalıdır. Çünki uşaqlar belə şeylərdən tez təsirlənir. Elə bilirlər ki, həmin kütlə onlar üçün yaxşı örnəkdir. Amma uşaqlıq və gənclik uçuruma gedir".

Şəhər sakini Nəsibə Vəlilova: "Bütün bunlar ailədə, məktəbdə, ümumiyyətlə, ictimaiyyətdə laqeydlikdən irəli gəlir. İndiki dövrdə əvvəlki kimi ciddiyət yoxdur. Uşaqların tərbiyə məsələsində özbaşınalıq hökm sürür. Valideynlər də, müəllimlər də uşaqların təliminə, tərbiyəsinə ciddi nəzarət etməlidir".

Şəhər sakini Əliyusif Mikayılov: "İndiki dövrdə uşaqdan-böyüyə, hər kəsin əlində telefon görmək mümkündür. Azyaşlı uşaqlara telefon verilməli deyil. Sosial şəbəkələrə girirlər ya da yaşlarına uyğun olmayan işlərlə məşğul olurlar. Uşaqlar arasında cinayətlərin artmasının səbəbi nəzarətsiz qalmalarıdır".

Şəhər sakini Səkinə Əliyeva: "Hər şey ailə tərbiyəsindən asılıdır. Normal ailədə böyüyən uşaqlar da normal olur. Valideynlər birinci özlərini, daha sonra uşaqlarını tərbiyə etməlidirlər. Uşaq nə görürsə, onu da götürür. Ailədə aqressiyanın, dava-dalaşın şahidi olan uşaq düzgün psixologiyada böyümür. Bu da onun gələcəyinə təsir göstərir".

Şəhər sakini Rafiq Səlimov: "Düşünürəm ki, gələcəyə ümidsiz baxış, uşaqlara siqaret, narkotik, içki kimi pis vərdişlərin təbliği yeniyetmələri cinayətə sövq edən səbəblərdəndir. Belə hallara qarşı sərt rejim, qayda-qanun tətbiq olunmalıdır. Gərək gözləri qorxudulsun ki, belə şeylərə üz tutmasınlar. Düzgün tərbiyə almadıqda da uşaqlar hər cür yola əl atırlar. Valideynlər uşaqların üzünə xoş baxmamalıdır. Başa salmalıdırlar ki, cinayət və ya intihar çıxış yolu deyil".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə