Cənubi Qafqazda sülhün qarantı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları iki dost ölkə arasındakı münasibətlərin sıxlığının və yaxınlığının təcəssümüdür. Məhz Azərbaycan və Belarus xalqları arasında uzun illər mövcud olmuş dostluq münasibətləri, dövlət başçılarının qarşılıqlı səfərləri, ölkələrimizin birgə əməkdaşlığı kontekstində daha da güclənib. Öz çıxışlarında xalqlarımız və ölkələrimiz arasındakı dostluq və mehriban münasibətlərə toxunan Belarus Prezidenti Azərbaycanın Cənubi Qafqazın lideri olaraq, buradakı sabitliyin və təhlükəsizliyin qarantı hesab olunduğunu bir daha dilə gətirməsi ölkəmizin dünyada artan qüdrətinin nəticəsidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

O bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin keçirdikləri rəsmi görüşlərdən, sənədlərin imzalanması və bəyanatlarla çıxışlarından sonra birlikdə Füzuli və Şuşa şəhərlərinə səfərləri olduqca vacib hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevlə birlikdə istər Belarus Prezidentinin, istərsə də başqa ölkələrin liderlərinin uzun illər işğal altında qalmış ərazilərə səfərlər etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu səfərlər zamanı liderlərə Ermənistanın əzəli və əbədi torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində törətdiyi faciələr barədə geniş məlumat verilir, fəlakətlərin qalıqlarının şahidi olurlar. Təbii ki, Ermənistanın həyata keçirdiyi terrorun ağrılı üzünü görənlər, törədilən vandallığın qalıqları ilə tanış olanlar heyrətlərini gizlədə bilmirlər.

“Prezident Aleksandr Lukaşenko Füzuli və Şuşa şəhərinə səfəri zamanı ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş faciələrlə daha yaxından tanış oldu və barbarlıq aktları ali qonağın diqqətinə çatdırıldı. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxdılar. Hansı ki, bu heykəllər öz tarixiliyi ilə bərabər ermənilər tərəfindən törədilmiş vandallığın əsas izlərini də daşıyır. Heykəllərin, abidələrin gülləbaran olunması, tarixi memarlığa qarşı bu cür dağıdıcı münasibət yalnız ermənilərin nifrətinin göstəricisi ola bilər. Məhz xan qızının heykəli ilə bərabər Azərbaycan sənətkarlarının abidələrinə tutulmuş bu divanın səbəbi onların məxsus olduğu xalqa nifrətdən başqa bir şey ola bilməz. Natəvanın heykəlinin Fransada terrora məruz qalması, baş verənlərin qarşısında bu ölkənin aidiyyəti qurumlarının susması da məhz həmin dövlətin apardığı anti-Azərbaycan siyasətinin nəticəsidir. Ali qonağın Şuşada gülləbaran edilmiş abidələrə baxan zaman dediyi kimi: “İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər”. Səfəri zamanı liderlər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda 4 ildən də az vaxt keçməsinə baxmayaraq, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yaxından tanış olublar. Füzuli şəhərində tikilmiş Beynəlxalq Aeroportdan başlayan bu yol daha sonra, şəhərin Baş planının tanışlığı ilə və görülən işlər barədə məlumatların verilməsi ilə davam etdi. Daha sonra liderlər Şuşa şəhərini ziyarət edərək, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumatlandırıldılar. Belarusun dövlət başçısı Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış oldular”, - deyə Adil Əliyev bildirib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Belarusla münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini və iki dövlətin bugünkü səviyyədə əməkdaşlıq münasibətinə zəmin hazırladığını diqqətə çatdıran Milli Məclis sədrinin müavini əlavə edib: “Səfər zamanı, həmçinin Azərbaycan və Belarusun birgə istehsalı olan avtobuslara baxış keçirilib. Dövlətlərimiz arasında bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatında, müasir şəhər və aqroşəhərciklərin qurulmasında səmərəli əlaqələrin davam etməsi həm də iki ölkə arasındakı isti münasibətlərə xüsusi töhfə verəcək. İşğaldan azad olunmuş ərazilərə Belarus şirkətlərinin dəvət edilməsi və onların müasir təcrübələrindən səmərəli istifadə olunması iqtisadi, ticari əlaqələrə geniş töhfə verəcək.

Bu gün Belarus parlamenti ilə Azərbaycanın qanunverici orqanı arasında parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. İkitərəfli və beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əlaqələr dövlətlərimizin maraqlarına uyğundur”.

Bütün xəbərlər Facebook səhifəmizdə