Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürdü

Silahlı qruplaşma Sudanın mərkəzində yerləşən Gezira əyalətindəki kəndə hücum zamanı azı 8 mülki şəxsi öldürüb. SİA "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə Gezira əyalətinin paytaxtı Vad rayonundakı müqavimət komitəsi məlumat yayıb.

Komitənin açıqlamasında bildirilir ki, silahlı qruplaşma talan etmək məqsədi ilə Gezira əyalətinin Əl-Hoş məntəqəsinin Vad Əl-Munir kəndinə hücum edib. “Hücum nəticəsində səkkiz gənc vətəndaş həlak olub, çoxlu sayda insan yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Çevik Dəstək Qüvvələri adlandırılan silahlı qruplaşma 2023-cü ilin dekabrında Sudan Silahlı Qüvvələri Vad rayonundan geri çəkildikdən sonra Gezira əyalətinə nəzarəti ələ keçirib.

Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin yaydığı son hesabata görə, ölkədə 2023-cü il aprelin 15-də başlayan münaqişədən bəri 15 min 550 ölüm qeydə alınıb, köçkünlərin sayı isə 8,7 milyona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə