Vətən Müharibəsi şəhidlərimizin əziz xatirəsi İranda anılıb

Vətən Müharibəsi şəhidlərimizin əziz xatirəsi İranda anılıb

Azərbaycanın İrandakı səfirliyində 27 sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Vətənə bağışlanan ömür. Tarix yazan Şəhidlər” adlı anım mərasimində İran ictimaiyyətinin və mətbuatın nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak etmişlər. Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və anılıb.

Mərasimdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti, səfir Məhəmməd Həsən Azərbaycan şəhidlərinin fədakarlığının dərin hörmətlə xatırlandığını bildirmiş, onların xatirəsinin Azərbaycan Respublikası tərəfindən daim əziz tutulmasının alqışlandığını vurğulamış, şəhid ailələrinə baş sağlığını çatdıraraq şəhidlərimizə rəhmət diləmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı etdiyi növbəti hərbi təcavüzünün qarşısını almaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını və Azərbaycan xalqının dəstəyi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti ilə ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğunu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyini bildirmişdir.

Səfir, 27 Sentyabr tarixi ilə başlanan Vətən Müharibəsində əldə olunmuş qələbənin Azərbaycan Respublikası Prezidentinin apardığı müdrik siyasətin və göstərdiyi qətiyyətinin nəticəsi olduğunu, ordumuzun qüdrətini, xalqımızın birliyini, ölkəmizin işğalda olmuş öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdiyini və gələcək nəsillər üçün örnək olduğunu bildirmişdir. Əli Əlizadə bu yolda Azərbaycanın qəhrəman igidlərinin şəhidlik zirvəsinə ucaldığını, onların göstərdiyi rəşadət və vətənpərvərliyin şanlı qələbənin əldə olunması ilə nəticələndiyini, Azərbaycanın tarixi ədaləti bərpa etdiyini və yeni reallıqlar yaratdığını bildirmişdir.

Səfir, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsininin dərin hörmət və ehtiramla yad edildiyini vurğulamış və onlara uca Allahdan rəhmət diləmişdir.

Mərasimdə, 27 sentyabr - Anım Gününün mahiyyəti və həqiqətlərini özündə əks etdirən qısametrajlı film və videoçarx nümayiş olunmuşdur. İştirakçılar həmçinin, Anım Günü ilə əlaqədar səfirlikdə təşkil olunmuş foto-sərgiyə baxış keçirmiş, Ermənistan Ordusunun və separatçı silahlı birləşmələrinin vaxtilə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərinə, dinc əhaliyə qarşı hərbi cinayətlərinə, təcavüz və təxribatlarının fəsadlarına dair məlumatlar almışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə