"Məktəblərdə telefonlardan istifadəyə tam qadağa deyil, nəzarətli yanaşma tətbiq olunmalıdır" - TƏHSİL EKSPERTİ

"Məktəblərdə telefonlardan istifadəyə tam qadağa deyil, nəzarətli yanaşma tətbiq olunmalıdır" - TƏHSİL EKSPERTİ

"Mən hesab edirəm ki, məktəblərdə telefon və digər rəqəmsal cihazlardan istifadəyə tam qadağa qoymaqdan daha çox, nəzarətli və məqsədyönlü istifadə modelinə üstünlük verilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əlmusa Atamaliyev bildirib.

Onun sözlərinə görə, bu gün telefon uşağın yalnız əyləncə vasitəsi deyil, eyni zamanda məlumat, kommunikasiya və öyrənmə alətidir: "Dərs zamanı düzgün istifadə edildikdə rəqəmsal cihazlar mövzunun araşdırılmasına, əlavə resurslardan yararlanmağa və interaktiv tapşırıqların yerinə yetirilməsinə imkan yarada bilər. Amma nəzarətsiz istifadə diqqətin yayınmasına, sosial şəbəkələrə və oyunlara yönəlməyə, həmçinin şagirdlər arasında digər problemlərə səbəb ola bilər.

Ona görə də əsas məsələ “Telefon olsun, yoxsa olmasın?” sualından daha çox, “Telefon nə zaman, hansı məqsədlə və hansı qaydalar çərçivəsində istifadə olunmalıdır?” sualıdır.

Mənim fikrimcə, məktəblərdə aydın və hamı üçün başadüşülən qaydalar müəyyən edilməlidir. Məsələn, dərs zamanı müəllimin icazəsi olmadan telefondan istifadə edilməməli, tədris məqsədi olduqda isə müəllimin nəzarəti ilə istifadəyə imkan verilməlidir. İmtahan, qiymətləndirmə və digər xüsusi hallarda isə daha sərt məhdudiyyətlər tətbiq oluna bilər.

Burada müəllimin rolu da çox vacibdir. Rəqəmsal cihazları sadəcə qadağan etmək əvəzinə, uşaqlara onlardan düzgün və məsuliyyətli istifadə etməyi öyrətmək daha uzunmüddətli nəticə verə bilər. Çünki şagird məktəbdən kənarda da telefon və internetdən istifadə edir. Məktəbin vəzifəsi yalnız cihazı şagirdin əlindən almaq deyil, həm də onun düzgün istifadəsi ilə bağlı vərdiş formalaşdırmaqdır.

Eyni zamanda, qaydalar yaş qruplarına və məktəbin konkret şəraitinə uyğun olaraq fərqləndirilə bilər. İbtidai sinif şagirdi ilə yuxarı sinif şagirdinə eyni yanaşmanın tətbiqi hər zaman effektiv olmaya bilər.

Nəticə etibarilə, mən tam qadağadan çox, məqsədli, nəzarətli və qaydalara əsaslanan istifadənin daha sağlam yanaşma olduğunu düşünürəm. Əsas məqsəd telefonu məktəbdən tamamilə çıxarmaq yox, onun təhsilə maneə yaratmasının qarşısını almaq və lazım gəldikdə təhsilin faydalı alətinə çevirmək olmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə