Xorultunun arxasında gizlənən təhlükə: Yuxu apnesi və sağlamlığa təsirləri - PULMONOLOQ

Xorultunun arxasında gizlənən təhlükə: Yuxu apnesi və sağlamlığa təsirləri - PULMONOLOQ

"8 saat yatırsınız, amma səhər elə bil heç yatmamısınız. Günorta gözünüz yumulur, deyirsiniz ki, iş çoxdur, yorulmuşam". Bu sözləri SİA-ya açıqlamasında Pulmonoloq Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, problem gün ərzində etdikləriniz yox, gecə yatarkən baş verənlərdir:

"İnsan niyə xoruldayır? Bunu başa düşmək üçün boğazımızın quruluşuna gəlin baxaq. Nəfəs aldığımız hava burundan keçir, udlaq, qırtlaq və traxeya vasitəsilə ağciyərlərə çatır. Bu yolun bəzi hissələri sümük və qığırdaqla dəstəklənir. Arada qalan udlaq isə sərt dayağı olmayan, divarları yumşaq toxumalardan ibarət bir keçiddir. Onun açıq qalmasında əzələlər mühüm rol oynayır.

Biz nəfəs alanda sinəmizdə mənfi təzyiq yaranır. Həmin təzyiq havanı ağciyərlərə çəkir, amma eyni zamanda udlağın yumşaq divarlarını da içəri doğru çəkib daraltmağa çalışır. Əzələlər isə buna qarşı işləyərək yolu açıq saxlayır. Yəni hər nəfəsdə bu iki qüvvə bir-biri ilə yarışır. Oyaq vaxtı bu iş o qədər yaxşı gedir ki, heç fərqinə varmırıq.

Yuxuya gedəndə isə əzələlər boşalır, udlaq bir qədər darala bilir. Hava daralmış yerdən keçəndə yumşaq damaq və ətraf toxumalar ciddi titrəyir. Bax, xorultu dediyimiz səs elə bu titrəyişdən yaranır.

Bəzi insanlarda udlaq onsuz da daha dar olur. Dilin, çənənin quruluşu, iri badamcıqlar və boyun ətrafındakı piy toxumasının artması da buna təsir edə bilir. Yuxuda əzələlər də boşalanda tənəffüs yolunu açıq saxlamaq çətinləşir. Yol bəzən qismən daralır, bəzən isə tam bağlanır.

Diqqət edin, insan nəfəs almağa çalışır, sinəsi və qarnı hərəkət edir, amma yol bağlı olduğu üçün hava ağciyərlərə keçmir. Bu dayanma 10 saniyə, 30 saniyə, bəzən 1 dəqiqə və daha uzun çəkə bilir. Qanda oksigen azala, karbon qazı arta bilər. Bədən nəfəs almaq üçün daha çox səy göstərir.

Bu dəyişikliklərə cavab olaraq çox vaxt beyində qısa bir oyanıqlıq yaranır. Əzələlər yenidən fəallaşır, boğaz açılır, insan güclü bir nəfəslə yenidən nəfəs almağa başlayır. Sonra yuxu davam edir və bir müddət sonra eyni hadisə təkrarlana bilir.

İşin maraqlı tərəfi budur ki, bu oyanmalar çox vaxt o qədər qısa olur ki, insan səhər heç birini xatırlamır. Öz xorultusunun da yuxuda çox vaxt fərqinə varmır. Ona görə həyat yoldaşı "Gecə nəfəsin dayanırdı" deyəndə inanmır.

Təsəvvür edin, gecə boyu kimsə sizi dəfələrlə oyadır. Səhər özünüzü necə hiss edərsiniz? Yuxu apnesində də yuxu bu cür bölünür, sadəcə, həmin oyanmaların çoxundan xəbəriniz olmur.

Bəs gündüz bunun əlamətləri nə olur? Səhər yorğun oyanmaq, gün ərzində mürgüləmək, televizor qarşısında, iclasda, sakit oturanda yatıb qalmaq, səhərlər baş ağrısı ola bilər. Diqqətimizi toplamaq çətinləşər, yaddaşımız zəifləyə bilər. Əsəbi və səbirsiz ola bilərsiniz.

Bəs kimlərdə daha çox rast gəlinir? Artıq çəkisi olanlarda, boyun hissəsi qalın olanlarda və yaş artdıqca risk yüksəlir. Qadınlarda menopauzadan sonra daha çox rast gəlinir. Çənə və boğaz quruluşu da vacibdir.

Nəfəsin təkrar-təkrar dayanması, oksigenin azalması və yuxunun bölünməsi ürək-damar sisteminə yük yaradır. Yuxu apnesi yüksək qan təzyiqi, bəzi ürək ritmi pozuntuları, insult və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqədardır.

Üstəlik, gündüz yuxululuğu işə gedərkən yolda qəza riskini artırır. Yəni problem təkcə yanımızdakı insanın xorultudan yata bilməməsi deyil, sizin yuxunuzun və sağlamlığınızın da bundan təsirlənməsidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə