Mərkəzi Gömrük Hospitalında “Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqi”nin təqdimatına dair tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqi”nin təqdimatına dair tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, "UAFA" (Azərbaycana Birgə Yardım) təşkilatının təsisçisi, Britaniya İmperiyası Ordeni kavaleri Qven Börçel (Gwendolyn Burchell MBE), Mərkəzi Gömrük Hospitalının pediatr, neonatoloq, mama-ginekoloqları və rezidentləri iştirak ediblər.
Tədbirin əsas məqsədi əlilliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası, erkən uşaq inkişafı skrininqi və rəqəmsal səhiyyə həlli olan "CHED" mobil tətbiqinin tibbi praktikaya tətbiq imkanlarının müzakirəsi olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev iştirakçıları salamlayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, onlar üçün icma əsaslı mərkəzlərin və reabilitasiya imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. O, erkən müdaxilə və diaqnostika prosesində pediatr, neonatoloq və mama-ginekoloqların mühüm rol oynadığını bildirib, həmçinin təqdim olunan rəqəmsal proqrama görə təşkilatçılara təşəkkürünü bildirərək proqramın rəqəmsal səhiyyə baxımından əhəmiyyətini diqqətə çatdırıb.
UAFA-nın nümayəndəsi Səbinə Kaymak öz təqdimatında 0-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan "CHED" mobil tətbiqinin funksional imkanları barədə ətraflı məlumat verib. Təqdimatda rəqəmsal alətin tibbi pilot layihə kimi tətbiqi, mütəxəssislərin iş prosesinə inteqrasiyası və milli protokollara uyğunlaşdırılması məsələləri əks olunub.
Təlimin yekununda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev, pediatr-neonatoloq-reanimatoloqlar Təranə Göyüşova və Aygün Sadıxova mobil tətbiqin praktiki istifadəsi, kliniki effektivliyi və uşaqların reabilitasiya prosesinə təsiri ilə bağlı öz suallarını, rəy və təkliflərini bildiriblər.
Tədbir sualların cavablandırılması və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB