İstintaq bitdi, Əli Kərimlini ağır cəza gözləyir - TƏHLİL

İstintaq bitdi, Əli Kərimlini ağır cəza gözləyir - TƏHLİL

Xarici dairələrə agentlik edən hər bir şəxs əsaslı olaraq cinayət məsuliyyətinə cəlb edilməlidir. İctimaiyyət üçün açıqlanan məlumatlara istinadən demək olar ki, daim ayıq-sayıq olan və peşəkarlıqları ilə seçilən hüquq-mühafizə orqanları xarici qüvvələrə agentlik edənləri vaxtında ifşa etməyə müvəffəq olur. Təbii ki, ölkədə asayişin təmin olunması, təxribatlar törətməyə, xalqın maraqlarına, dövlətin mənafeyinə qarşı fəaliyyət yolu tutanların ifşa edilməsi istiqamətində hüquq-mühafizə orqanlarının göstərdikləri operativlik, peşəkarlıq və ayıq-sayıqlıq alqışlanır. Ancaq qanunvericiliyi sərtləşdirməyə zərurət var. Bu halda xarici ölkələrə agentlik edənləri ifşa edərək, məsuliyyətə cəlb etmək üçün əlavə hüquqi baza yaranar. Misal üçün, yaxşı olardı ki, qanunvericilikdə "Xarici agentlər haqqında qanun" öz əksini tapsın. Nəzərə almaq lazımdır ki, bir sıra Avropa dövlətlərinin, eləcə də Macarıstanın, ABŞ-ın, Rusiyanın, Gürcüstanın və digər ölkələrin parlamentləri tərəfindən də "Xarici agentlər haqqında qanun" qəbul edilib. "Xarici agentlər haqqında qanun" ABŞ-dan sonra Fransa və Böyük Britaniyada qəbul edilib. 2012-ci ildə Rusiyada, 2017-ci ildə isə Macarıstanda qəbul olunub. Norveç, Belçika, Niderland və digər Avropa ölkələri də oxşar qanunu qəbul ediblər. Gürcüstan dövlətinin "Xarici agentlər haqqında qanun" layihəsini qəbul etməsi ilə ölkədə qarşıdurmalar yaşanıb. Qanunun qəbul edilməsinin əsas müəllifləri olan "Gürcü Arzusu" partiyasının rəsmi şəxsləri iddia edirlər ki, qanun qəbul edilincə ölkədə kök salan xarici agentlərin sıralarının seyrəlməsi halı baş verib.

Cinayət baş tutmadı və həbs olundular

Fakt ondan ibarətdir ki, Azərbaycanın uğurlarından narahat olan xarici və daxili qüvvələr müxtəlif vaxtlarda müxtəlif təxribatlar yolu ilə möhtəşəm uğurları dağıtmağa cəhdlər göstəriblər. Hətta dağıdıcı müxalifət və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev kimi şəxslər dövlət çevrilişi etməyə cəhd ediblər. Ancaq onların məkrli niyyətləri baş tutmadı və dövlət çevrilişi planlaşdıranlar ifşa edilərək həbs edildilər. Həbs edilənlər sırasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müşaviri Məmməd İbrahim və digərləri var. 2026-cı ilin fevralın 12-də Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib. Bütün bu kimi faktlarla təsdiq olunur ki, Ramiz Mehdiyevin dəstəsinin əsas fəalları Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, Məmməd İbrahim və Eldar Əmirovdur. Bundan başqa, DTX tərəfindən yayınlanmış siyahıdan məlum olur ki, proseslərin maliyyələşdirilməsi məqsədi ilə Rusiyadan Azərbaycana Eltac Əhməd oğlu Əlisoy, Müşfiq İbrahim oğlu Qazıyev, Müşfiq Əzizalı oğlu Əsgərov, İbrahim Çərkəz oğlu Məcidov, Elməddin Əziz oğlu İsmayılov, Əli Əliağa oğlu Cavadov, Cavanşir Nusrəddin oğlu Abuşov, Mehman Cavanşir oğlu Abuşov və Qərib Mehdi oğlu Nəbiyev böyük məbləğdə pullar göndəriblər.

AXCP sədri Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, Ə.Kərimli və M.İbrahim Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri Ə.Kərimli hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

Heç şübhəsiz ki, dövlət çevrilişi həyata keçirməyə çalışanlar öz ağıllarının imkanları ilə hərəkət etməyiblər. Onları xalqa və dövlətə qarşı cinayət törətməyə Rusiyanın xüsusi xidmət orqanları təhrik edib. İnsanlıq hissini itirmiş məxluqlar göstərişləri yerinə yetirmək üçün xalqın ağır, faciəvi gündən belə istifadə etməkdən çəkinməyiblər. AXCP sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman ona verilən tapşırıqlardan danışıb. Etiraf edib ki, yürüş zamanı Əli Kərimli ona və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Əli Kərimli istintaqa verdiyi səmimi etiraflarını məhkəmə önündə də dilə gətirəcək

Cinayət işində adı keçən bəzi şəxslər, o cümlədən AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işləri üzrə ibtidai istintaq başa çatıb. Məlumata görə, iş materialları tanışolma üçün vəkillərə verilib. İstintaq orqanı yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək. Söz yox ki, məhkəmə ədalətli və hüququn təmin olunması şəraitində keçəcək. Dövləti cinayətdə iştirak edən AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim istintaqa verdikləri səmimi etiraflarını məhkəmə önündə də dilə gətirəcəklər. Bu halda onunla eyni mövqedən çıxış edən və cinayət əməlində iştirak edən bir sıra şəxslərin adlarının çəkilməsi də mümkündür. Çünki sözügedən şəxslərin əhatə dairəsi genişdir. Bu məqamda bir məsələ diqqətdən kənarda qalmır. O da məhkəmə Əli Kərimliyə və Məmməd İbrahimə hökm oxunmamışdan əvvəl xaricdəki antimilli ünsürlər və cinayətkar dəstənin azadlıqda olan üzvləri hay-küy salırlar. Onlar məhkəməyə təzyiq etmək xülyası ilə Azərbaycan hüquq-mühafizə orqanları haqqında ittihamlar irəli sürür, tənqid və təhqirlər səsləndirirlər. Ancaq dərk etmirlər ki, Azərbaycan azad, demokratik, hüquqi dövlətdir. Ölkəmizlə hədə, təhdid dili ilə danışmaq, hüququn aliliyinin təmin olunması üçün şantaj metodlarından istifadə etmək mümkünsüzdür. Belə yol tutanlar rüsvay olmağa və tarixin zibilliyinə atılmağa məhkumdur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə