Cəmiyyətdə özünü olduğundan daha imkanlı göstərməyin səbəbi NƏDİR? - SOSİOLOQ AÇIQLADI

Cəmiyyətdə özünü olduğundan daha imkanlı göstərməyin səbəbi NƏDİR? - SOSİOLOQ AÇIQLADI

"İnsanın xislətində diqqət mərkəzində olmaq, tanınmaq, seçilmək və müəyyən mənada şöhrət qazanmaq istəyi var. İnsan bunu normal şəkildə öz fəaliyyəti, peşəsi, zəhməti və əldə etdiyi uğurlarla reallaşdıra bilər. Həyatda müəyyən nailiyyətlər qazanan insan öz uğuru ilə tanınır".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib:

"Amma həyatda öz istiqamətini tapa bilməyən, müəyyən sahədə uğur qazana bilməyən bəzi insanlar başqa bir istiqamətdə uğurlu görünməyə çalışırlar.

Onlar bahalı avtomobillə, dəbdəbəli evlə, brend geyimlərlə və ya müxtəlif səfərlərlə özlərini cəmiyyətdə daha imkanlı və daha üstün göstərmək istəyirlər. Məqsəd bəzən real uğur qazanmaq deyil, uğurlu görünməkdir.

Sosial şəbəkələrin meydana çıxması isə bu meyli daha da qabarıq hala gətirdi. İnsanlar burada öz həyatlarının əsasən gözəl tərəflərini nümayiş etdirir, daim xoşbəxt, imkanlı və problemsiz görünməyə çalışırlar. Hətta bəzi insanlar demək olar ki, həyatlarının hər anını – harada olduqlarını, nə yediklərini, nə aldıqlarını, hara getdiklərini və nə etdiklərini nümayiş etdirirlər.

Bunun arxasında müxtəlif sosial və psixoloji səbəblər dayana bilər. İnsan diqqət görmək, bəyənilmək və tanınmaq istəyir. Xüsusilə real həyatda ciddi bir fəaliyyətlə, peşəkar uğurla və ya ictimai faydalı işlə gündəmə gələ bilməyən bəzi insanlar süni şəkildə öz gündəmlərini yaradırlar. Bahalı avtomobil, dəbdəbəli ev, brend geyim və xarici səfərlər həmin insanların özlərini fərqləndirmək vasitəsinə çevrilir.

Bu xüsusilə gənclər arasında daha aydın görünür. Gənc oğlanlar bəzən özlərini gənc qızlara, bəzi gənc qızlar isə özlərini gənc oğlanlara daha imkanlı göstərməyə çalışırlar. Bahalı avtomobilin qarşısında şəkil çəkdirmək, brend geyimləri nümayiş etdirmək, dəbdəbəli məkanlarda və xarici ölkələrdə çəkilmiş görüntüləri paylaşmaq bəzən qarşı tərəfin diqqətini cəlb etmək vasitəsinə çevrilir.

Burada başqa ciddi bir məsələ də ortaya çıxır: sosial şəbəkələr insanların bir-birindən gözləntilərini dəyişir. İnsanlar başqalarının həyatının yalnız nümayiş etdirilən hissəsini görür və onu bütün həyat kimi qəbul edə bilirlər. Nəticədə gənclərdə “mənim də belə yaşamağım lazımdır”, “belə avtomobilim olmalıdır”, “belə geyinməliyəm”, “belə həyat yaşamalıyam” düşüncəsi yarana bilər. Bu isə insanı öz real imkanlarını deyil, başqalarının nümayiş etdirdiyi həyat tərzini meyar götürməyə sövq edir.

Ən təhlükəli məqam isə insanın öz həyatını başqasının görüntüsü ilə müqayisə etməsidir. Birinin bahalı evi var, digərinin yoxdur; birinin bahalı avtomobili var, digəri ictimai nəqliyyatdan istifadə edir; birinin imkanlı görünən həyatı var, digəri isə öz həyatını bununla müqayisə edir. Halbuki biz sosial şəbəkədə həmin insanın həyatının yalnız nümayiş etdirilən tərəfini görürük.

Ona görə bir şeyi dərk etmək lazımdır: insanın dəyəri onun bahalı avtomobilində, evində, geyimində və ya maddi imkanlarında deyil. Hətta insanın fiziki görünüşü belə onun əsl dəyərini müəyyən etmir. İnsanın cəmiyyət qarşısında dəyərini müəyyən edən əsas amillər onun xarakteri, əxlaqı, mənəviyyatı, dürüstlüyü, insanlara münasibəti və faydalı işləridir.

Təbii ki, insanın gözəl evinin, yaxşı avtomobilinin, rahat həyatının olması pis deyil. Dünya nemətlərindən istifadə etmək də həyatın bir hissəsidir. Amma problem vasitənin məqsədə çevrilməsidir. Ev insan üçün yaşayış vasitəsidir, avtomobil isə A nöqtəsindən B nöqtəsinə getmək üçün nəqliyyat vasitəsidir. Onları insanlardan üstünlük vasitəsinə çevirmək isə artıq başqa məsələdir.

İnsan çalışmalıdır ki, maddi imkanlarını artırmaqla yanaşı, mənəviyyatını da zənginləşdirsin. Çünki maddi zənginlik insanın sahib olduqlarını artırır, mənəvi zənginlik isə insanın özünü artırır.

Əsl uğur başqalarına varlı görünmək deyil, həqiqətən dəyərli insan olmaqdır. İnsan öz həyatını başqalarına nümayiş etdirmək üçün deyil, özü və cəmiyyət üçün mənalı etmək üçün yaşamalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə