“Formula 1 və digər tədbirlər Azərbaycanın beynəlxalq tanıtımına və turizm imkanlarının genişlənməsinə töhfə verir” - SOSİOLOQ

“Formula 1 və digər tədbirlər Azərbaycanın beynəlxalq tanıtımına və turizm imkanlarının genişlənməsinə töhfə verir” - SOSİOLOQ

"Formula 1 və bu kimi yarışların ölkədə keçirilməsi həm iqtisadi, həm turizm baxımından, həm də ölkənin beynəlxalq arenada tanınması baxımından çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, belə yarışlar vasitəsilə ölkəmiz dünyanın diqqət mərkəzində olur: "Digər tərəfdən, hər ölkə belə yarışlara ev sahibliyi edə bilmir. Bunun üçün xüsusi meyarlar lazımdır. Şəhər infrastrukturu, yolların vəziyyəti, şəhər mədəniyyəti və digər bu kimi amillər mühüm rol oynayır.

Həm də belə yarışların ölkədə keçirilməsi istər-istəməz şəhəri və ölkəni səfərbər edir. Səliqə-sahman, nizam-intizam baxımından müəyyən dəyişikliklər yaranır, insanların davranışları daha sivil və müasir olur. Çünki qonaq qarşılayan şəhərin həm görünüşü, həm insanların geyimi və davranışı, həm şəhər mədəniyyəti, həm ümumiyyətlə, qlobal dünyagörüşü müəyyən mənada ön plana çıxır.

Bütövlükdə, belə yarışlar şəhər sakinləri üçün də üstünlüklər yaradır. Çünki onlar yarışlar zamanı müxtəlif tədbirlərdə, müşahidəçi qismində iştirak edir, konsert və əyləncə proqramlarından faydalanırlar. Eyni zamanda, turistlərlə ünsiyyət zamanı insanların dil bilikləri də artır.

Belə yarışlar xidmət sahələrinin də aktivləşməsinə səbəb olur. Yarışlar zamanı ölkəmizə gələn əcnəbilərdə şəhərimiz və ölkəmiz haqqında müsbət fikirlər formalaşır. Həmçinin turistlər yalnız Bakı ilə kifayətlənmir, bölgələrə də səfər edir, müxtəlif yerləri gəzir və yerli insanlarla dialoqlar qururlar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə