Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Hər il mayın 18-i dünya muzeyləri Beynəlxalq Muzeylər Şurasının (İCOM) eyni devizi altında birləşərək öz peşə bayramını qeyd edirlər. Bu il üçün elan edilmiş “Muzeylər, təhsil və tədqiqat” mövzusu özlüyündə hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm roluna, daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına həsr olunub.

Peşə bayramı günündə Azərbaycan Dövlət Teatr Muzeyi bu devizi və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, həmçinin ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını - COP29–u dəstəkləyərək, mayın 18-də “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onun ətraf mühitə mənfi təsiri və bu kimi ekoloji problemlər ətrafında söhbət aparılıb.

Mərkəzin təsviri sənət qalereyasının dərnək üzvləri təbiətə qayğının vacibliyi və yaşıllıqların bərpası ilə bağlı öz təxəyyüllərinə uyğun rəsm çəkiblər.

Tədbir çərçivəsində, həmçinin insanların təbiətlə rəftarından, ona verdikləri ziyandan bəhs edən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə