Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk pastoral səfərində olduğu İtaliyanın Verona şəhərində Yaxın Şərqdə ədalət və sülh üçün çağırış edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, pontifik səfər çərçivəsində San Zeno Bazilikasında dindarlarla, şəhərin mərkəzi meydanında isə təxminən beş min uşaq və gənclə görüşüb. Sonra on iki mindən çox insanın toplaşdığı Verona Arenasında çıxış edən Papa Fransisk qeyd edib: “Sülh heç vaxt inamsızlığın, divarların, bir-birinə tuşlanmış silahların nəticəsi olmayacaq. Biz ölüm, məhv, qorxu əkmirik. Ümid səpək! “Qaçılmaz” müharibənin tamaşaçısına çevrilməyin. Sülhdən danışmaq hər şeydən vacibdir. Biz bu tarixi məqamda sülhün dəyərini, diplomatiyanın dəyərini bilməliyik”.

Roma Papası valideynləri HƏMAS tərəfindən qətlə yetirilən israilli gənclə və qardaşı İsrail ordusu tərəfindən öldürülən fələstinli gənclə görüşüb.

“Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar bir-birlərini qucaqlamağa cəsarət edirlər. Bu, təkcə sülh istəməyin cəsarəti və ifadəsi deyil, həm də gələcək üçün bir layihədir”, - deyə pontifik bildirib.

O, daha sonra Montorio həbsxanasında məhbuslarla nahar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə