Azərbaycan Belarus dövləti ilə strateji tərəfdaşlığın inkişafına diqqətlə yanaşır - ŞƏRH

Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində hər iki dövlət tərəfindən möhkəm ikitərəfli münasibətlər qurulub. Ümummilli Lider Heydər Əliyev beynəlxalq münasibətlərin, o cümlədən Belarus dövləti ilə strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyev postsovet məkanında qloballaşma şəraitində və dəyişən geosiyasi landşaftda dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, sabitliyin və rifahın təmin edilməsi üçün vasitəçi olacağını bilirdi. Belarus dövləti ilə ikitərəfli münasibətlərin qurulması istiqamətində Ulu Öndər Heydər Əliyevin siyasi strategiyası siyasət, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın genişləndirilməsini nəzərdə saxlayırdı və eyni uğurlu siyasi kursun davamı olaraq cənab İlham Əliyev tərəfindən ölkələrimiz arasında inkişaf uğurla davam etdirilmişdir. Azərbaycanla Belarusiya arasında strateji tərəfdaşlıq, nümayiş etdirilən qarşılıqlı hörmət və inam cənab İlham Əliyevin uğurlu siyasətinin parlaq nümunəsidir. Cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana rəsmi səfərə gəlməsi və cənab İlham Əliyevlə görüşü ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradacaq.

Ölkə başçısı cənab İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukoşenko ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edərək bildirmişdir ki, “Bu gün biz Azərbaycana dövlət səfəri ilə gəlmiş əziz qonağı, böyük dostumuz Aleksandr Qriqoryeviç Lukaşenkonu qəbul edirik. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Mən məktub göndərmişəm, lakin bu gün bir daha Aleksandr Qriqoryeviçi noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etmişəm. Həmin vaxta qədər müvafiq tapşırıqlar verilib, biz onların yerinə yetirilməsi üzrə məruzələri dinləyəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu”. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanla Belarusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. İki dövlət arasında anlaşma prinsipləri əsasında qurulan geniş əlaqələr həm ikitərəfli, eyni zamanda daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir. Belarusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində də yaxından iştirak etməsi ölkələrimiz arasında olan yüksək münasibətlərin göstəricisidir. Belarusiya dövlətinin şəhərsalma sahəsində, eyni zamanda aqroşəhərciklərin tikintisində böyük təcrübəsi olduğunu vurğulamaq lazımdır. Aleksandr Lukaşenkonun cənab İlham Əliyevlə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi Belarusiya dövlətinin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının bariz nümunəsidir. Cənab İlham Əliyev və Aleksandr Lukaşenkonun şəxsi dostluq və münasibətləri ölkələrimizin, xalqlarımızın dostluğuna xüsusi töhfə verir. Azərbaycanla Belarusiya arasında Hökumətlərarası Komissiyası uğurla fəaliyyət göstərir və gələcəkdə əməkdaşlığın artırılması istiqamətində də bir çox tədbirlər həyata keçirəcək. Ölkələrimiz arasında yaradılmış birgə müəssisələr presperktivli fəaliyyət göstərir və yeni yaradılacaq digər müştərək müəssisələrin sayının da artırılması nəzərdə tutulur. Ölkələrimiz arasında maşınqayırma, hərbi sənaye komplekslərində, eyni zamanda kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da gücləndiriləcək bu da Azərbaycanla Belarusiya arasında təhlükəsizliyin və iqtisadiyyatın güclənməsinə əhəmiyyətli dərəcədə dəstək verəcək.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə