İnformasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafında rolu – TƏHLİL

İnsanların həyat tərzində özünəməxsus yerə sahib olan informasiya və kommunikasiya texnologiyaları artıq cəmiyyətin inkişafında xüsusi rola da malikdir və məhz inkişafa da təsir göstərən vacib amillərdən sayılır. Bu baxımdan da informasiya və kommunikasiya texnologiyalarının təsir dairəsi istər dövlət strukturlarını, istər vətəndaş cəmiyyəti institutlarını, istər iqtisadi sahələri, istər sosial sahələri, istər elm və təhsili, istər mədəniyyəti və istərsə də ümumiyyətlə, bütövlükdə bütün sahələri əhatə edir.

Əvvəlki dövrlərdən fərli olaraq, hazırda dünyamızı ümumiyyətlə, informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür belə etmək mümkün deyil. Əvvəla ona görə ki, bütün dünya davamlı olaraq inkişafdadır və bu inkişaf məhz informasiya və kommunikasiya texnologiyaları sayəsində davam edir. Elə bu səbəbdəndir ki, bütün sahələri əhatə edən, eləcə də bütün sahələrə siraət edən informasiya və kommunikasiya texnologiyalarının tətbiq dərəcəsi hər bir ölkənin, hər bir cəmiyyətin elmi, iqtisadi potensialının göstəricisi hesab olunur. Məhz informasiya və kommunikasiya texnologiyalarının tətbiq dərəcəsi ilə ölkələrin inkişafının hansı həddə olduğu barədə qənaətə gəlinir. Çünki məhz bu texnologiyalar inkişafı şərtləndirəndir.

Müasir dünyamızı elektron biznes olmadan da təsəvvür etmək olmur. Çünki məhz elektron biznesin rolu gündən-günə artmaqdadır. Məhz bu artmanın fonunda, etiraf edək ki, dünya bazarında ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti həmin ölkələrin informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə səviyyəsindən asılıdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hər bir ölkənin hərtərəfli inkişafına xidmət edən, həmçinin, əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin daha tez, daha sürətli və effektiv həll olunmasına, eləcə də yoxsulluq səviyyəsinin aşağı salınmasına informasiya və kommunikasiya texnologiyalarının necə xidmət etdiyini də təcrübədən görürük. Belə görürük ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ölkələrin ardıcıl tədbirlər görməsi, bu sahənin inkişafına diqqət ayırması, xüsusi yer verməsi tamamilə məntiqidir. Əlbəttə ki, bütün bunlar nəzərə alınaraq, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müvafiq addımlar atılıb, hətta demək olar ki, bütün sahələrdə, bütün istiqamətlərdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilibdir.

Ölkəmizdə bu sahədə aparılan islahatlar təsdiq edir ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi qarşıya məqsədi olaraq qoyulub. Bəli, təbii ki, məqsəd innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulmasıdır. Belə bir cəmiyyətin qurulması üçün də dövlətimiz öz dəstəyini əsirgəmir. Ona görə əsirgəmir ki, sözügedən istiqamətdə inkişafın daha da sürətli olması üçün həmin dəstəyin rolu danılmazdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardımlar məhz dövlətimizin dəstəyinin bariz nümunəsidir və bunu da hər birimiz açıq-aşkar görürük.

Ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunələrdən sayılan "Elektron Hökumət", eləcə də “ASAN xidmət” layihələrin Azərbaycanda tətbiq olunması da təsadüfi deyil və məhz informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə olan diqqətdən irəli gəlir. Artıq çoxdandır müşahidə etməkdəyik ki, bu kimi elektron xidmətlər öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sadalananları nəzərə aldıqda həm də onu demək olar ki, elektron xidmətlərin olması ümumiyyətlə, əvəzsizdir. Elə buna görə də tətbiqinə geniş şəkildə şərait yaradılır. Sözsüz ki, bütün bunlar nəzərə alınaraq, dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən və prioritet məsələlərdən olan operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların artırılması cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Artıq görürük ki, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına hərbi toqquşmalarda belə üstünlüklər əldə edilir və bunu dünyada müşahidə edilən müharibələr belə təsdiq edir. Məhz bizim öz ölkəmizin də 44 günlük müharibə dönəmində yüksək texnologiyaların tətbiqi sayəsində qələbəni ən qısa zamanda əldə etməyimiz də sirr deyil. O da sirr deyil ki, ölkəmizin bu təcrübəsi bütün dünyada həm öyrənilir, həm də tədris olunur. Əlbəttə, bu da onu deməyə əsas verir ki, ölkəmizdə digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində dinamik inkişaf, irəliləyiş var və bu, bütün dünyada qəbul olunmaqdadır. O da qəbul olunmaqdadır ki, bizim ölkəmiz informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində nəinki region ölkələrini, eləcə də bir çox ölkələrini dəfələrlə üstələyir. Çünki dünya ictimaiyyəti informasiya və kommunikasiya texnologiyalarının inkişafının məhz bizim ölkəmizin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində belə öz müsbət təsirini aydın şəkildə göstərdiyini əyani şəkildə müşahidə edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın mükəmməl qələbəsi ilə hərb meydanında müharibə başa çatsa da, informasiya müharibəsi, informasiya savaşı hələ də davam etməkdədir. Bunun nə zaman bitəcəyini də söyləmək, proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Nə qədər ki, bizim coğrafiyamızda, qonşuluğumuzda haylar kimi bizə məxsus olan dəyərləri mənimsəmək istəyənlər var və onlar öz ambisiyalarını, hiyləgərliklərini, hərisliklərini davam etdirməkdədirlər, deməli, informasiya savaşının bitməsindən danışmağa dəyməz. Belə çıxır ki, bundan sonra internet bir savaş meydanına çevrilib və etiraf etmək lazımdır ki, bu meydanda informasiya texnologiyaları daha çox inkişaf edən tərəfin üstünlüyü daha çoxdur. Ona görə də bizim cəmiyyətimiz üçün daha geniş imkanlar yaradılır, informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafında xüsusi rolu mütləq şəkildə nəzərə alınır. Ələlxüsus da nəzərə alınır ki, Ermənistan dövləti, erməni diasporu və lobbisi, xaricdə yaşayan ermənilər Azərbaycan barədə yalan informasiyalar yaymaqla ölkəmiz barədə həqiqətləri ört-basdır etməyə, öz məkrli niyyətlərini reallaşdırmağa çalışırlar və buna görə də informasiya cəbhəsində də qələbə qazanmaq, düşməni məğlub etmək günümüzün ən vacib məsələlərindən sayılır. Məhz elə bu nöqteyi-nəzərdən, tariximizi də, mədəniyyətimizi də, bizə məxsus olan dəyərləri də, elə qələbəmizi də, uğurlarımızı da, haqlı, ədalətli mövqeyimizi də dünyaya çatdırmaq bu gün hər zaman olduğundan daha vacib hesab olunur. Bütün bunları, daha dəqiq desək, sözügedən sahənin cəmiyyətimizin inkişafında xüsusi rolunu nəzərə alaraq deyə bilərik ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafına bundan sonra da daha böyük diqqət göstəriləcəyinə zərrə qədər şübhə ola bilməz və dövlətimizin, dövlət rəhbərimizin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində əldə edilən nailiyyətlərin yaxın gələcəkdə daha da artacağına, bu sahənin daha da inkişaf edəcəyinə ümidlərimiz böyükdür.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə