“Hava proqnozunun düzgün müəyyənləşdirilməsi vacib şərtdir“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Kənd təsərrüfatı qlobal iqlim dəyişikliklərinin güclü təsirinə məruz qalan sahələrdəndir və son illərdə bunun nəticəsini görürük. Çünki istehsalın nəticələrinin formalaşmasında iqlim amilləri böyük rol oynayır və sözsüz ki, havaların yağmurlu, əlverişsiz keçməsi aqrar sahənin inkişafına çox ciddi təsirini göstərir. Prosesdən müəyyən çıxış yolları axtarılır, artıq iqlim dəyişliklərinin fəsadları nəinki Azərbaycan üçün, dünya ölkələri üçün də çox ciddi problemlər yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib .
Deputat bildirib ki, Bakıda keçirilən COP29 beynəlxalq tədbirində də sözügedən sahədəki problemlər özünü açıq şəkildə göstərdi: “Bu gün qlobal iqlim dəyişikləri nəinki kənd təsərrüfatının inkişafına, eyni zamanda ölkələrin iqtisadi inkişafına da çox ciddi mənfi təsirlərini göstərir. Azərbaycanda da belədir. Çünki son illərdə havaların tez-tez dəyişilməsi, yay aylarında gözlənilmədən şiddətli yağışların yağması, hətta bu il isti havalarda yağıntıların düşməsi göstərdi ki, iqlim dəyişmələri təsərrüfatlarla yanaşı, insanların həyatında da öz mənfi təsirlərini nümayiş etdirdi.
Bugünkü hava şəraitinə nəzər salsaq, aydın təzahürlərini görərik. Çünki hazırda hava tez-tez dəyişir, gah şiddətli yağış yağır, gah da günəş çıxır. Respublikada oktyabr ayı pambıq yığımının ən optimal dövrüdür. Ancaq bu gün rayonlarda pambıqçılar çətin vəziyyət qarşısında qalıblar. Havaların tez-tez dəyişilməsi pambığın yığılmasına ciddi maneə olur. Eləcə də yay aylarında taxıl yığımında da bu özünü göstərdi.
Sözsüz ki, bu problemlərlə əlaqədar müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. İlk növbədə mütləq hava proqnozlarının düzgün müəyyənləşdirilməsi vacib şərtdir. Bu gün ərazilərdə daşqınların olması, sel sularının gəlməsi kənd təsərrüfatına, eləcə də insanların fərdi təsərrüfatlarına xeyli dərəcədə ziyan vurdu. Biz bütün bunlara hazır olmalıyıq. Dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Keçirilən mühüm əhəmiyyətli tədbirlər də bilavasitə iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılmasına yönəldilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə