“Müasir dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzunun artmasında Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyəti mühüm rol oynayır. Dövlət başçısı təkcə ölkəmizə aid olan məsələlərdə deyil, həm də regional və qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə seçilir. Onun iştirakı ilə keçirilən beynəlxalq tədbirlər, dövlət səfərləri və yüksək səviyyəli görüşlər Azərbaycanın dünya miqyasında siyasi çəkisini artırır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, son illərdə Prezident İlham Əliyev bir-birinin ardınca keçirilən beynəlxalq konfranslarda, sammitlərdə və rəsmi səfərlərdə aktiv şəkildə çıxış edərək ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etmişdir: “Qardaş Qazaxıstana nəzərdə tutulan səfəri də bu diplomatik fəallığın davamıdır. Dövlət başçısının bu qədər intensiv iş qrafiki onun həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı proseslərdə nə dərəcədə məsuliyyətli və həlledici rol oynadığını sübut edir.
Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda tanınması və qlobal platformalarda aparıcı dövlətlər, o cümlədən ABŞ tərəfindən yüksək qiymətləndirilməsi, Azərbaycanın beynəlxalq etimad qazanmasının bariz göstəricisidir. ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri Azərbaycan Prezidentini beynəlxalq məsələlərin həllində mühüm tərəfdaş kimi görürlər. Bu da ölkəmizin diplomatik nüfuzunun və siyasi sabitliyinin təzahürüdür. Beləliklə, Prezident İlham Əliyevin çoxşaxəli beynəlxalq fəaliyyəti təkcə Azərbaycanın maraqlarını qorumağa deyil, həm də qlobal sülh, əməkdaşlıq və təhlükəsizlik proseslərinə töhfə verməyə yönəlmişdir. Bu, Azərbaycan liderinə olan etimadın və ölkəmizin beynəlxalq miqyasda artan rolunun təbii nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə