Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması məqsədilə Saatlı rayonunda maarifləndirici görüş təşkil olunub. Dövlət Komissiyasından SİA-ya bildirilib ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, rayon polis və prokurorluq orqanlarının, eləcə də ictimaiyyətin nümayəndələri və valideynlər iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyatına və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə, sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtın səmərəli təşkili, antinarkotik təbliğatın müasir dövrün tələblərinə uyğunlaşdırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə