"Təhsil sahəsində də oxşar vəziyyət müşahidə olunur" - PSİXOLOQ AÇIQLADI

Son illərdə süni intellektin inkişafı insan həyatının bir çox sahəsində dərin və əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artıq süni intellekt yalnız elm və texnologiya sahəsində deyil, gündəlik həyatımızda da öz təsirini göstərməyə başlayıb. Əmək bazarından tutmuş təhsilə, səhiyyədən məişət işlərinə qədər bir çox sahədə süni intellektin tətbiqi həyat tərzimizi dəyişir. İnsanların iş üsulları, qərarvermə mexanizmləri və informasiya əldə etmək forması bu texnologiyaların təsiri altında yenidən formalaşır. Bu mənada süni intellekt insan psixologiyasına da təsir göstərmədən yan keçmir.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova öz fikirlərini SİA-ya bölüşüb: “Müasir dövrdə süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O, təhsil prosesində, eləcə də gündəlik insan fəaliyyətində mühüm rol oynayır. Dərs prosesində süni intellekt tələbələrə müxtəlif mövzular üzrə məlumat toplamaqda, suallara cavab tapmaqda və biliklərini genişləndirməkdə yardım edir. Lakin bununla yanaşı, bəzi hallarda bu texnologiyanın mənfi tərəfləri də özünü göstərir. Xüsusilə, insanlar sağlamlıq və psixologiya ilə bağlı problemlərində süni intellektə müraciət etməyə üstünlük verirlər. Halbuki bu sahələrdə düzgün diaqnoz və ya psixoloji məsləhət yalnız mütəxəssis tərəfindən verilməlidir. Virtual mənbələrdən alınan cavablar bəzən səhv istiqamət göstərə, nəticədə insanın sağlamlığına və ruhi vəziyyətinə mənfi təsir göstərə bilər.

Təhsil sahəsində də oxşar vəziyyət müşahidə olunur. Bəzi tələbələr tapşırıqları asan yolla, yəni süni intellektin köməyi ilə yerinə yetirməyə çalışır. Lakin bu zaman yazılar şablon xarakter daşıyır, müəllimlər tərəfindən plagiyat kimi qiymətləndirilir və yaradıcı düşüncə arxa plana keçir. Nəticə etibarı ilə süni intellektdən düzgün istifadə mədəniyyətinin formalaşması vacibdir. O, insanın düşüncə qabiliyyətini əvəz etməməli, əksinə, onu dəstəkləyən bir vasitə olmalıdır. İnsan öz ağlını, bilik və təcrübəsini texnologiyanın köməyi ilə birləşdirdikdə, həm elmi, həm də şəxsi inkişaf üçün daha sağlam nəticələr əldə edilə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə