Göyçayın Potu kəndində Vətən müharibəsi şəhidi Əliyev Elnur Ərəstun oğlunun və Qarayazı kəndində Hüseynov İlham Umud oğlunun şəhadətə yüksəlməsinin beşinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. Mərasim iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər. SİA-nın bölgə müxbirinin məlumatına görə, anım mərasimlərində şəhidlərin döyüş yolu və qəhrəmanlığı xüsusi vurğulanıb. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, şəhidlərin igidlik nümunəsi göstərdiyi döyüş yolundan danışılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Əliyev Elnur Ərəstun oğlu 2000-ci ildə Göyçay rayonunun Potu kəndində anadan olub. 2020-ci il oktyabrın 19-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Hüseynov İlham Umud oğlu 2000-ci ildə Göyçayın Qarayazı kəndində anadan olub. 2020-ci il oktyabrın 19-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə