Almaniyanın dəmir və polad, eləcə də onlardan hazırlanan məhsulların ixracı bu ilin səkkiz ayında 4,8 faiz azalıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında bildirilib.
Qeyd edilən dövrdə ölkədən xaricə ümumilikdə 39,9 milyard avroluq dəmir və polad məhsulu ixrac olunub ki, bu da 2021-ci ildən bəri ən aşağı səviyyədir. Ən çox ixrac Avropa İttifaqı ölkələrinə - Polşa (3,7 milyard avro), Fransa (3,2 milyard avro) və Niderland (3 milyard avro) həyata keçirilib. ABŞ-a ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz az - 2,5 milyard avro olub.
Almaniyanın alüminium və alüminium məhsulları üzrə ixracı isə 12,6 milyard avro təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artıb. Lakin ABŞ-a ixrac 7,4 faiz azalaraq 419 milyon avro təşkil edib.
Almaniyanın dəmir və polad idxalının həcmi də azalaraq 34 milyard avroya düşüb. Bu sahədə azalma ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz təşkil edib. Ən çox idxal İtaliyadan (3,9 milyard avro), Avstriyadan (3,1 milyard avro) və Çindən (3 milyard avro) həyata keçirilib. Alüminium idxalı isə 13,8 milyard avroya yüksələrək 5 faiz artıb. Bu məhsulların idxalı əsasən Niderland, Avstriya və İtaliyadan həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə