"Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verir" - ŞƏRH EDİLDİ
"Azərbaycan dini tolerantlıq baxımından dünyanın ən nümunəvi ölkələrindən biridir. Baxmayaraq ki, əhalisinin mütləq əksəriyyəti — təxminən 95 faizi müsəlmandır, lakin digər dinlərin və xalqların nümayəndələrinin sayı o qədər də çox deyil". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, bununla belə, onlara daim diqqət göstərilir, müxtəlif istiqamətlərdə yardım edilir: "Ölkəmizdə müsəlmanlardan sonra ikinci ən böyük dini icma xristian icmasıdır və onların da müəyyən hissəsini katoliklər təşkil edir. Hazırda Azərbaycanda dini icmaların sayı 500-ə yaxındır. Katoliklərin sayı çox olmasa da, onlar hər zaman Azərbaycan hökumətinin diqqət və qayğısı ilə əhatə olunublar.
Azərbaycan ilə Vatikan arasında münasibətlərə, eləcə də Roma Papalığı ilə əlaqələrə həmişə yüksək dəyər verilib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ilk dəfə Roma Papası Azərbaycana səfər edib. Qarşılıqlı səfərlər isə sonrakı illərdə dəfələrlə həyata keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri zamanı yüksək vəzifəli şəxslərlə, o cümlədən Roma Papası ilə keçirilən görüşlər həm ölkəmiz, həm də bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edib. Həmin səfər zamanı səsləndirilən fikirlər və verilən mesajlar Azərbaycanla Vatikan arasında münasibətlərin daha da möhkəmlənməsinə böyük töhfə verib. Bu səbəbdən də həmin səfər dünya mediasında geniş şəkildə işıqlandırılıb. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Birinci vitse-prezidentin səfəri Kamadilla katakombalarının bərpadan sonra açılış mərasimi ilə eyni vaxta təsadüf edib və Mehriban Əliyeva həmin mərasimdə iştirak edib.
Qeyd etmək lazımdır ki, 2021-ci ilin mart ayında katakombaların bərpası ilə bağlı müqavilə imzalanmışdı və həmin müqavilə əsasında bərpa işləri uğurla başa çatdırılıb. Görüşlər zamanı bir daha Azərbaycanda müxtəlif dinlərə və tarixi abidələrə göstərilən münasibət, eləcə də dinlərarası dialoqun inkişafına verilən töhfələr yüksək qiymətləndirilib. Bakıda ikinci Katolik kilsəsinin inşasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirilib. Azərbaycan hər zaman dini abidələrin bərpasında və qorunmasında fəal iştirak edib və bu sahədə beynəlxalq diqqət doğuran işlər həyata keçirib.
Müasir dövrdə dinlərarası münasibətlərin bəzən gərginlik və qarşıdurmaya səbəb olduğu bir vaxtda, Azərbaycanın bu istiqamətdə atdığı addımlar xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycan dünyaya əsas mesajını məhz bu dəyərlər üzərindən verir — anlayış, tolerantlıq və humanizm. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri, onun orada yüksək səviyyədə qəbul olunması və keçirilən səmərəli görüşlər bu prinsiplərin parlaq təcəssümü kimi tarixə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə