"Zəngilanın azad olunması böyük strateji uğurdur" - ŞƏRH EDİLDİ

"Zəngilan strateji baxımdan İranla sərhəddə yerləşən rayon idi və onun azad olunması ümumilikdə Azərbaycanın İranla sərhədinin tam nəzarətə götürülməsi anlamına gəlirdi. Bu, müharibə zamanı əldə olunan çox böyük strateji uğurlardan biri idi". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, son beş ildə bu istiqamətdə mühüm işlər görüldü, Zəngilan şəhərində və Ağalı kəndində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparıldı, köçürülmə prosesi həyata keçirildi: "Bu gün də həmin ərazilərdə işlər davam etdirilir.

Qısa müddətdə Zəngilan rayonunda məskunlaşma işlərinin tam başa çatdırılması gözlənilir. Lakin qeyd etmək lazımdır ki, rayonlarımızda, o cümlədən Zəngilanda yalnız evlərin tikilməsi və insanların ora köçürülməsi ilə kifayətlənmək olmaz. Əsas məsələ insanların iş yerləri ilə təmin edilməsidir. Çünki bu, onların sosial sabitliyi və bölgədə qalıcı şəkildə yaşaması üçün son dərəcə vacibdir. Artıq 30 ilə yaxındır ki, həmin sakinlər Bakı və Sumqayıt kimi şəhərlərdə yaşayırlar, burada öz həyat tərzlərini, qazanc mənbələrini formalaşdırıblar. Ona görə də onların doğma yurdlarına qayıtdıqdan sonra ən azı bu həyat tərzini, qazanc səviyyəsini orada da təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdəndir.

Əlbəttə, bu, asan məsələ deyil, lakin Azərbaycan dövləti böyük iddialar irəli sürərək regionun inkişafını, Zəngilanın və digər işğaldan azad olunmuş ərazilərin çiçəklənməsini təmin edəcək gücə malikdir. Bu istiqamətdə Azərbaycan artıq ciddi iradə göstərib və qısa müddətdə bütün işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası, iş yerlərinin yaradılması və insanların təhlükəsiz şəkildə köçürülməsi istiqamətində mühüm addımlar atır.

Bu, yalnız daxili məsələ deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu artıran faktordur. Azərbaycan sübut edir ki, qısa müddətdə dağıdılmış torpaqlarında həyatın bərpasını təmin edə biləcək güclü bir dövlətdir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarda heç bir infrastruktur qurmadığı, əraziləri tamamilə viran qoyduğu bu gün aydın görünür. Azərbaycan isə, əksinə, həm Qarabağdan, həm də digər bölgələrdən olan məcburi köçkünlərin həyat şəraitini təmin etməklə, indi daha güclü siyasi və iqtisadi imkanlara malik bir ölkə kimi yeni reallıq yaradır. Bu baxımdan, Zəngilanın və digər azad olunmuş ərazilərin bərpası, insanların doğma yurdlarına dönüşü Azərbaycanın dövlət gücünü və xalqının iradəsini bir daha nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə