"Gənclər paylaşmadan öncə düşünməlidirlər" - TEXNOLOQ AÇIQLADI

"Bu gün sosial şəbəkələr gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, Artıq bir çox gənc öz fikirlərini, hisslərini və baxışlarını internet üzərindən ifadə edir. Bu, bir tərəfdən çox müsbət haldır, çünki hər kəsin səsini eşitmək, fikir mübadiləsi aparmaq və cəmiyyətə təsir göstərmək imkanı yaranır. Amma digər tərəfdən, bu azadlığın məsuliyyət tərəfi də var. Hər paylaşım, hər şərh və ya fikir artıq açıq məkanın bir hissəsidir və onun nəticələri olur. İfadə azadlığı heç bir halda başqasını təhqir etmək, nifrət və ya zorakılığı təşviq etmək anlamına gəlmir.Gənclər bilməlidirlər ki, sosial şəbəkədə yazdıqları və paylaşdıqları hər bir məlumat — istər foto, istər fikir — gələcəkdə onların təhsilinə, işinə və hətta şəxsi münasibətlərinə təsir göstərə bilər. Buna görə də paylaşmadan öncə “Bu məlumat kimə çatacaq və hansı təəssürat yaradacaq?” sualını vermək çox vacibdir.

Digər mühüm məqam isə şəxsi məlumatların qorunmasıdır. Gənclər çox vaxt bilik və təcrübə çatışmazlığı səbəbindən özləri haqqında çoxlu məlumatı açıq şəkildə paylaşırlar. Yaşadıqları yer, məktəb, ailə, tətil planları kimi məlumatlar onların kiberdələduzluq və izlənmə kimi risklərə məruz qalmasına səbəb ola bilər. Beləliklə, sosial şəbəkələrdən istifadə zamanı həm ifadə azadlığını qorumaq, həm də məsuliyyətli davranmaq vacibdir. Gənclər anlamalıdırlar ki, rəqəmsal mühitdə atılan hər addım, yazılan hər söz onların gələcəyinin bir hissəsinə çevrilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə