31 Mart Azərbaycanlıların Soyqırımı Gününə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

1918-ci ilin 31 mart tarixində Bakı şəhəri və Bakı quberniyasının digər bölgələrində, həmçinin Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törətmişlər. Bu azərbaycanlılara qarşı törədilmiş nə birinci, nə də sonuncu qırğın oldu. Qədim dövrlərdən bəri öz torpaqlarımızda onalara yer, yaşamağa şərait yaratmışdıq. Lakin onlar bizim bu ürəkyumşaqlığımızdan istifadə edib bizi öz dədə-baba yurdumuzdan qovmağa çalışmış, xalqımızın başına min bir bəla gətirmişlər. 31 Mart soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Günahsız körpələr, qocalar, qadınlar işkəncə verilərək öldürülmüşdür. Sabah 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Bu hadisənin üzərindən 104 il ötür. Bəs görəsən şəhər şakinlərinin bu günlə bağlı fikirləri nələrdir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini İqrar Ağayev: “Ermənilər hər zaman müsəlman türklərin paxıllığını çəkib. Hər zaman bizim yerimizə göz dikmiş, bizim vətənimizi öz torpaqları kimi qələmə vermək istəmişlər. Buna görə də hər dəfə azərbaycanlıların başına min bir bəla açmışlar. Günahsız insanlarımızın qanına girib onları qətlə yetirmişlər. Təbii ki, onlar öz əməllərindən heç vaxt dönmürlər. Amma bizim ordumuz və Ali Baş Komandanımızın siyasəti ilə biz onlardan qisasımızı aldıq”.

Şəhər sakini İlhamə Musayeva: “31 Mart hadisələrində həm Bakıda, həm Şamaxıda, həm Lənkəranda qırğınlar törədilmişdir. Təkcə bu şəhərlərdə deyil, Azərbaycanın bir çox şəhərlərində erməni faşistləri azərbaycanlıları qətlə yetirmişdir. Allah düşmənlərimizə lənət eləsin. Onlar öz layiqli cavablarını aldılar”.

Şəhər sakini Ceyhun Kafi: “Bizim millətimizin hər zaman başına belə bəlalar gəlib. Bizim mərhəmətimizdən istifadə ediblər, qırğınlar törədiblər, millətimizi işgəncələrlə məhv ediblər. 31 Mart hadisələrində nəinki insanlarımız, həm də mədəniyyətimizə ciddi ziyan dəymişdir. Abidələrimiz məhv edilmişdir”.

Şəhər sakini Zəminə Mirhadiyeva: “Azərbaycan xalqının soyqırımı illərlə davam edib. Azərbaycanın torpaqları illərlə işğal olunub. Soyqırım azərbaycanlılara qarşı olub, amma ermənilər hər yerdə elə qələmə verirlər ki, guya soyqırımı ermənilərə qarşı törədilib. Halbuki belə bir şey olmayıb. Öz satqınlıqlarının qurbanı olublar. Hər zaman başqa millətin əlində oyuncaq olublar. Xocalı faciəsini törədiblər. 20 faiz torpaqlarımızı işğal ediblər. İndi də şükür ki, ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad ediblər. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün torpaqlarımız azaddır”.

Şəhər sakini Səyyarə Məmmədli: “Bu, ermənilərin başımıza gətirdiyi müsibətlərdən bəlkə də ən böyüyüdür. Bu soyqırım birinci deyil, sonuncu da olmadı. Bundan sonra Xocalı soyqırımını törətdilər. Ermənilər tarixboyu azərbaycanlıların qanına susamış, onları qətlə yetirmişdir”.

Şəhər sakini Tahir Ağarəhimov: “31 Mart soyqırımını unutmaq olmaz. Bu bizim qan yaddaşımızdır. Hətta ölkəmizdə soyqırımın 100 illiyi də keçirilmişdir. Şamaxıda, Qubada, Naxçıvanda, bir sözlə Azərbaycanın bir cox bölgələrində insanlar qətlə yetirilmişdir. Allahın evi sayılan məscidlərdə belə insanlar diri-diri yandırılmışdır. Ermənilər o qədər qəddardırlar ki, insanları diri-diri yandırırlar”.

Şəhər sakini Gülbahar Misirova: “31 Mart soyqırımı azərbaycanlıların yaşadıqları böyük faciələrdən biridir. Bu xalq çox bəlalar görüb. Quba qəzasında, Şamaxı qəzasında və başqa ərazilərdə xalqımız qırğına məruz qalmış, kütləvi şəkildə məhv edilmişdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə