Sevgi yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur. Sevginin min bir tərifi var. Hər kəs sevgini bir cür qiymətləndirir. Sevginin günü olmur deyirlər. Amma bir gün var ki, məhz o gün insanlar açıq şəkildə sevgilərini dilə gətirirlər. Bir çox ölkələrdə sevgililər günü 14 fevral tarixində qeyd edirlər. Azərbaycan da isə "Sevgililər günü" hər il qeyri-formal olaraq 2004-cü ildən etibarən 30 iyun (İlham və Fərizənin toy günü) tarixində keçirilir. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Arzu Kərimova: "Sevgi övlada qarşı ola bilər, valideynə qarşı ola bilər. Əgər bir ailədə hər kəs xoşbəxtdirsə, demək o ailədə sevgi var. Fikrimcə, əgər bir insan qarşısındakını sevirsə bunun xüsusi günü olmamalıdır. Məhz hədiyyə üçün sevməməlidir. Məncə, ölkəmizdə "Sevgililər günü" 30 iyun tarixində keçirilməlidir ".
Şəhər sakini Fərhad Dövlətov: "Mənə görə, sevgi birinə dəyər verməkdir. Birini qarşılıqsız sevmək, hörmət etməkdir. Bir-birilə yeri gələndə dost, yeri gələndə ailə olmaqdır. Problemləri böyütmək əvəzinə birlikdə həll etməkdir, səni xoşbəxt etmək üçün əlindən gələni etməkdir, səni dəyişdirməyə çalışan yox səni olduğun kimi qəbul etməkdir".
Şəhər sakini Fidan Əhmədova: "Fikrimcə, sevgi müxtəlif, çoxmənalı anlayışdır. Bunun əsas səbəbi də hərkəsin müxtəlif baxış açısı, düşüncə tərzi olmasıdır. Müxtəlif şəxslərə, müxtəlif anlamda olmasına baxmayaraq- özəyi təkdir, dəyişməzdir. Mənə görə sevgi- içdənlik, azadlıq, duyğu müxtəlifliyi, və s.dir. Sevgi həm də insanın özünü ifadəsidir. Sevgi kiçik bir kəlimə ola bilər, ancaq ifadə elədiyi mənalar o qədər dərin və sağlamdır ki, həyatdaki heçbir duyğu ilə əvəz edilə bilməz".
Şəhər sakini Amal Mehdiyev: "Sevgi mənə görə, hamının eyni cür baxdığı bir insana birinin fərqli baxmağıdır.Sevgi yeganə hisdir ki, insanı həm güldürə bilər, həm də ağlada bilər. Sevəndə insanın ruhu, xəyalları, düşüncəsi, öncəlikləri hər şeyi dəyişir. Sevgi odur ki, bəzən sən o yolun səhv olduğunu bilərsən, amma o yol sənin gözünə ən gözəl ən uzun yol kimi görünər. Hər insan sevgisini fərqli şəkildə ifadə edir".
Şəhər sakini Arzu Xəlilova: "Düşünürəm ki, sevginin günü olmur. Sevgidə məcburiyyət olmamalıdır. Ürəyindən gələni etməlidir sevən insan. Hər il dünyada "Sevgililər günü" qeyd olunur. Azərbaycanda da bu qeyd olunur. Amma mən düşünürəm ki, əgər qeyd ediləcəksə bu, məhz 30 iyun tarixində qeyd olunmalıdır".
Şəhər sakini Səbuhi Paşayev: "Mənə görə sevgi məsuliyyətdir, xoşbəxtliyin rəmzidir. İstər kişi olsun, istər qadın olsun bir-birlərinə hörmət etməlidirlər. Mənə görə, sevgi əbədidir. Sevginin günü yoxdur. Sevgi bir balaça qığılcımdır, onu böyütmək lazımdır. Ölkəmizdə də "Sevgililər" günü 30 iyun tarixində qeyd edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə