Bu cür şansın insanlara yaradılması çox gözəldi - SORĞU

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı tərəfindən işğaldan azad olunmuş ərazilərimizə 24 Yanvardan etibarən avtobus reysləri təşkil olunub. Artıq müntəzəm olaraq reyslər fəaliyyət göstərir.

Bəs gəlin görək, şəhər sakinlərinin işğaldan azad olunmuş ərazilərimizə reyslərin təşkil olması barədə təəssüratları nədən ibarətdi? SİA olaraq onlar arasında sorğu keçirdik.

Şəhər sakini Əli Səmədov: “İşğaldan azad olunmuş ərazilərimizə səfərlərin təşkil olunması çox gözəl bir addımdı. Mən də ailəmlə birlikdə üzü yaza Şuşaya səyahət etməyi düşünürəm. Ümumiyyətlə hamımız bir nəfər kimi həmin torpaqlarımızı gedib gəzməliyik”.

Şəhər sakini Nuray Məmmədli: “Mənim özüm də həmin əraziləri gedib görmək istəyirəm. Həyatda ən böyük arzularımdan biri Qarabağımızın alınması idi. Çünki Qarabağ bizim dünənimiz, bu günümüz və sabahımızdı. Ona görə də həmin ərazilərimizin düşməndən azad olunması hər birimiz üçün qürurverici bir hissdi”.

Şəhər sakini Bəhruz Məmmədxanlı: “Fikrimcə, işğaldan azad olunmuş torpaqlarımıza reyslərin təşkil olunması çox gözəl bir layihədi. Lakin çox istərdim ki, bu yerlərimizə maşınla da gedə bilək. Bir Qarabağlı olaraq orada işlərin görülməsi məni çox sevindirir”.

Şəhər sakini Nurtac Quliyeva: “Bütün azərbaycanlılar bu günü gözləyirdi. Bununla yanaşı həmin yerin insanlarının öz torpaqlarına, ata-baba yurdlarına səyahət etməsi məncə, onların ən böyük istəyi idi. İndi isə həmin insanlara və bizə bu cür şəraitin yaradılması çox möhtəşəmdi. Özüm də nə vaxtsa torpaqlarımızı gedib görəcəm. Bildiyimiz qədəri ilə avtobus reyslərinə biletlər artıq məhduddur. Yəni demək olar ki, bir sıra rayonlarımıza biletlər bir neçə aya kimi bron olunub”.

Şəhər sakini Ruslan Məmmədov: “Özüm də çox getmək istəyirəm. Düzdü çox yerlər artıq dolub. Lakin mən öz maşınımla həmin yerlərimizi rahat görmək istəyirəm. Ona görə də inşallah buna nə zaman icazə verilərsə gedəcəm. Amma ümumi olaraq onu deyə bilərəm ki, bu cür şansın insanlara yaradılması çox gözəldi”.

Şəhər sakini Tahirə Bağırova: “Qarabağ torpaqlarına səfər etmək həmin torpaqlarımızın canlanmasına səbəb olacaq. Çünki torpaqlarımız 30 il idi ki, sanki yetim qalmışdı. Həmin yerlər bizim gələcəyimizi gözləyirdi. Şükürlər olsun ki, bu gün artıq biz həmin torpaqlarımza səfər edə bilirik”.

Şəhər sakini Saqibə Mehrəliyeva: “Hamı necə sevindirə, mən də elə sevinirəm. Çünki bu cür işlərin görülməsinə sevinməmək mümkün deyil. Biz bu gün çox şanslıyıq ki, bizim torpaqlarımız azad olundu və artıq biz bu barədə səfərlər düşünürük. Bugünkü gün Şuşaya, Ağdama, Füzuliyə səfərlər var. İnşallah işğaldan azad olunmuş digər ərazilərimizə də səfərlər təşkil olunar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə