Ağdama gedən avtobusun yola düşdüyünü görəndə ağladım - TƏƏSSÜRATLAR - FOTOREPORTAJ-VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi yanında dövlət avtomobil nəqliyyatı tərəfindən tərəfindən 24 yanvar tarixindən etibarən işğaldan azad edilmiş ərazilərimizə ilkin müntəzəm marşurut xətləri həyata keçirilir. Bu gün səhər 06:30 raddələrində Bakı-Ağdam-Bakı istiqamətində reyislər yola düşdü. Səfərdə iştirak etmək istəyənlər biletləri elektron formada “yolumuzqarabağa.az” saytından əldə edə bilərlər. Bakı-Ağdam-Bakı istiqamətində biletin qiyməti 9.40 təşkil edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət olunacaq.

Biz də SİA olaraq işğaldan azad olunmuş ərazilərə, Ağdama gedən insanların təəssüratlarını öyrənmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yola düşdük və onların sevinclərini sizlərlə bölüşmək qərarına gəldik. Gəlin görək, 30 ildən sonra öz yurduna gedən vətəndaşlarımız hansı hissləri keçirir?

Şəhər sakini Ədibə Hüseynova: “Mən 30 ildir ki, öz dədə-baba yurdumdan çıxmışam. Böyük bir həsrətlə, kədərlə həmin yerlərin alınmasını gözləmişəm. Qaçqın kimi yaşamaq çox çətin idi. Allah heç kimə qaçqınçılıq göstərməsin. Torpaqlarımızı işğaldan azad etdiyinə görə başda Prezidentimizə təşəkkürümü bildirirəm. Şəhidlərimizin yeri cənnət, qazilərimizin canı sağ olsun".

Şəhər sakini Elmin Bəhlulov: “Mən özüm Qubadlıdanam. Heç Qubadlını da görməmişəm birinci dəfədi ki, Ağdama gedirəm. İnşaallah bir gün Qubadlıya da getmək bizə nəsib olar. Belə bir turun təşkil olunması çox gözəl addımdır. Hər kəsə bizim kimi bu səfərdə iştirak etməsini arzulayıram".

Şəhər sakini Səltənət İsmayılova: “İnanın ki, bu dəqiqə hisslərimi sizə ifadə edə bilmirəm. Həm sevinc, həm kədər demək olar ki, bir-birinə qarışıb. Mən bu günləri görəcəyimə inanmırdım. Amma Allaha şükürlər olsun ki, bizə bu günləri yaşatdı”.

Şəhər sakini Şamil Həmidov: “Mən özüm torpaqlarımızın alınmasında yaxından iştrak etmişəm, qaziyəm. Çox fəxr edirəm ki, biz bu gün həmin ərazilərimizi gedib görəciyik. Eyni zamanda da çox həyəcanlıyam”.

Şəhər sakini Həlməxatun Əliyeva: “Mən özüm Qarabağlı deyiləm. Amma nə fərqi var ki, hər birimiz azərbaycanlıyıq. Qarabağ bizim tariximizdi. Qarabağ bizim canımızdı. Azərbaycan vətəndaşı olaraq hər birimizin həmin torpaqlara gedib səfər etməsi borcumuzdur. Buna görə də mən Ağdama getməyi özümə borc bildim”.

Şəhər sakini Zaur Nəsibov: “Hal-hazırda dostumla bərabər Ağdama gedirik. Mənim üçün həmin yerləri görmək çox maraqlıdı. Bilirik ki, rayonda hər şey dağıdılb və viran qoyulub. Amma onu da bilirəm ki, gün gələcək həmin yerlər yenidən bərpa olunacaq. Ağdam rayonu yenidən canlanacaq”.

Şəhər sakini Fikrət Yusifov: “30 ildir ki, torpağımdan çıxmışam. Çox həyəcanlıyam. Ora çatanda hansı hissləri yaşayacağımı bilmirəm. İlk dəfə torpaqlarımı görəcəm. Bilirəm ki, mənimlə yanaşı ora gedən hər bir kəs ürək ağrısı keçirir”.

Şəhər sakini Şərəf Abdullayev: “Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Çox sağolsunlar ki, bizə bu sevincli günü yaşatdılar. Öz toraqlarımızı görməyə və evimizi ziyarət etməyə gedirik".

Şəhər sakini Elman Abdullayev: “Mən özüm Ağdam rayonundanam. Yoldaşımla birgə yenidən öz torpağımıza baş çəkməyə gedirik. Allah hər bir ağdamlıya bu günü yaşatmağı nəsib etsin. Şükürlər olsun ki, mən bu günü yaşadım”.

Şəhər sakini Məhərrəm Məmmədov: “Allah cənab Prezidentimizə can sağlığı versin və şəhidlərimizə rəhmət eləsin. Mən Ağdam rayonunun Əhmədbəyli kəndindənəm. Biz igidlərimizin canı, qanı bahasına bu torpaqları almışıq. Bu bir tarixdi və biz bunu yaşadıq. Mən zənn edirdim ki, mən bu günləri görməyəcəm. Hal-hazırda Ağdama gedən bu avtobusun yola düşdüyünü görəndə ağladım. Sadəcə olaraq qürur hissi keçirdirəm”.

Dövlət Avtomobil Nəqliyyat xidmətinin rəsmisi Günay Əliyeva SİA-a verdiyi açıqlamasında bildirib ki, səhər saatlarında yola düşən Bakı-Ağdam-Bakı istiqamətində sərnişin sayı 22 nəfər təşkil edib. Yanvar ayının 25-də Bakı-Ağdam-Bakı istiqamətində gedən reyslərdə 47 yer nəzərdə tutulmuşdu. Onun sözlərinə görə, sərşinlərin səfərlərə marağı yüksək səviyyədədi. Hətta Bakı-Şuşa-Bakı istiqamətində olan reyslərin bileti fevralın sonuna kimi satılıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə