Ac qalmaqla arıqlamağın dəhşətli fəsadları SAĞLAM QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA

“Ümumiyyətlə arıqlamaq üçün ac qalmaq yanlış fikirdir. Çünki çəkimizi normada saxlamaq üçün ilk növbədə sağlam qidalanmalıyıq. Sağlam qidalanmaq üçün gündəlik müəyyən kolori miqdarı var ki, o miqdarda yemək qəbul etməliyik. Eyni zamanda da kolorinin miqdarı ilə yanaşı, çəki olaraqda yeməyin qədəri var ki, mütləq şəkildə biz onu qəbul etməliyik ki, orqanizmimizdə həm maddələr mübadiləsi yaxşı çalışsın, həm də ki, immun sistemimizi güclü saxlayaq”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərin görə, mədə-bağırsaq sistemini güclü saxlamaq üçün mütləq şəkildə qidalar qəbul etməliyik: “Sadəcə olaraq düzgün miqdarda, düzgün koloridə və düzgün qidaları seçərək biz bunu edə bilərik. Mütləq şəkildə gün ərzində hər insanın bədən çəkisinə, gördüyü işə, fiziki aktivliyinə görə onun qəbul edəcəyi yemək saatları var ki, bu hər insanın rejiminə görə dəyişir. Yaxşı olar ki, mütləq şəkildə səhər yeməyində qəbul edəcəyi qidalara fikir versin, qidaların tərkibində zülallar, karbohidratlar, vitamin və minerallar olan yağlar qəbul olunmalıdır və müəyyən yeməklərin arasında 3-4 saat fasilə verməlidir”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bəzi insanlar gün ərzində 2, bəziləri də 3 dəfə qidalanmağa üstünlük verir. Burada yenə də nə ilə qidalandığı çox önəmlidir. Bütün bu qaydalara əməl etmədən ac qalıb və yaxud gün ərzində bir dəfə qidalanaraq bu şəkildə qidalanmaq orqanizmə çox zərərlidir. Ümumiyyətlə, aralıqlı oruc deyilən diet növü var ki, bu adətən bir neçə saat ərzində ac qalmaqla həyata keçirilir. Bununla da düzgün şəkildə mədə bağırsaq sistemi təmizlənməli, bağırsaqlar boşaldılmalı, ondan sonra ac qalmalıdır. Çünki uzun müddət ac qalıb sonra yedikdə həmin bədəndən xaric olan toksidlər artıq bədənə zərər verməyə başlayır. Təmizləndikdə isə artıq o proses baş vermir. Bundan başqa da yenə də dediyimiz kimi orqanizm standart çalışma mexanizminə malikdir və uzun müddət ac qaldıqda o özünə yığdığı depodan istifadə edir. Bu da əlavə yağ toplanmasına səbəb olur ki, bəzən “ac qaldıqdan sonra sürətlə çəkim yerinə qayıdır” deyirlər. Həmin o yağların hesabına bu çəkilər qayıdır. Düzgün şəkildə, çəkini normada saxlamaq üçün sağlam qidalanma, sağlam yuxu rejimi və fiziki aktivliyin önəmli olması və eyni zamanda da maye qəbulu mütləq şəkildə təmin olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə