Ağciyərləri təmizləyən qidalar QİDA TEXNOLOQU AÇIQLADI

“Ağciyərə faydalı olan qida məhsullarından başda keçibuynuzu gəlir ki, keçibuynuzunu düzgün şərtlər altında dəmləmə yolu ilə gündə iki dəfə qəbul etməklə ağciyərləri sərbəst radikallara qarşı qorumaq olar. Yəni, toksinlərdən də təmizləmək olur. Hansı ki, ağciyərə zərərli olan toksinlərin qarşısını almaq, onları məhv etmək üçün bir çox vasitələr var. Onlardan biri də keçibuynuzudur”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, keçiboynuzunu qırıb qaynayan suya əlavə edirik, 5-10 dəqiqə qaynadırıq və 10 dəqiqə qaynayandan sonra yarım saat ərzində onu dinləndirib, yəni otaq temperaturuna gətirib içirik: “Bunu biz gündə iki dəfə edirik. Həmçinin, keçibuynuzu bəhməzinin ağciyərlərə də faydaları çoxdur. Onunla yanaşı üzüm çəyirdəyidir ki, bu da faydalıdır. Məsələn, insanlar 1 ədəd üzüm yeyir və onun da çəyirdəyini atır. Bu, düzgün deyil. Əslində, onun çəyirdəyinin ağciyərlərə faydası var və o da antioksidant sayılır. Ona görə də üzümü yeyərkən onun toxumlarını çeynəyib udmaq lazımdır”.

Texnoloq sözlərinə belə davam edib: “Kök, turp bunlar da ağciyərlərə faydalıdır. Dədə-baba adətində var ki, ağ turpun içini ovub, içinə bal töküb, altını deşərdilər. Bir müddət gözləyəndən sonra süzülən suyu içib ağciyərləri öskürəkdən təmizləyərdilər”.

“Həmçinin, qırmızı kökün də ağciyərlərə çox faydası var. Qırmızı kök salatı çox unikal variantdır. Qırmızı kökün şirəsini də içmək olar”.

“Eyni zamanda, sarıkök də faydalıdır. Sarıkökü bəzən xəstə olan insanlara südlə qarışdırıb verirlər. Bu, düz variantdır. Sarıkökün də güclü antioksidant olduğunu nəzərə alsaq, onun da ağciyərlərə faydası güclüdür. Həmçinin qaynar südlə qarışdırılıb qurtum - qurtum içdikcə ağciyərləri qoruyur və bəlğəmgətirici təsirə malikdir”.

“Eyni zamanda, kəklikotu, kəklikotulu çay, kəklikotulu yeməklər, məsələn biz xaşlama ediriksə, yemək bişənə yaxın ora kəklikotu əlavə etməklə ağciyərlərimizi sərbəst radikallara qarşı qorumuş olarıq. Həmçinin nəzərə alsaq ki, kəklikotu da güclü antioksidantdır, ağciyərlərə faydaları çoxdur. Ona görə də kəklikotu yeməklərdə və çaylarda istifadə olunmalıdır. Yəni, Covid-19 pandemiyasını da nəzərə alaraq kəklikotudan geniş istifadə olunmalıdır”.

“Vəzəri də ağciyərlərin dostudur. Yəni, siqareti tərgidən adamlarda siqaretin təsirini ağciyərlərdən çıxardır, ciyərlərin bərpa olunmasına səbəb olur. Hansı ki, siqaretin qoyduğu izləri, bəlğəmi təmizləyir. Yəni, ağciyərləri təmizləmə xüsusiyyətinə malik olan göyərtilərdən biri də vəzəridir. Vəzəridən geniş istifadə etməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə