İsti havalarda sərinləmək üçün necə qidalanmalıyıq? QİDA TEXNOLOQU DETALLARA TOXUNDU

“Yay aylarında ən yaxşı sərinləşdirici qidalara doğramac, milli ayranımız, dovğa daxildir. Nehrə yağından qalmış ayrandan dovğanın hazırlanması daha məqsədəuyğundur. Çox adam deyəcək ki, “biz bu nehrədən qalmış ayranı hardan tapaq? Düzgün texnologiyaya görə insan orqanizminə tam sağlam və lazım olan dovğa nehrədən qalmış ayrandan hazırlanmış dovğadır və bunun insana heç bir ziyanı olmur. O cümlədən qatıq, ağartı məhsulları, qarpız, yemiş, mövsümi meyvələr istehlak olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, salatlara da üstünlük vermək lazımdır: “Tam da vegeterianlığa doğru deyil. Yəni biz indi deyirik atlama, ayran, dovğa, salatlar, meyvələr bunlar yay aylarında vacibdir. Çünki immun sisteminin güclənməsində bunların böyük rolu var”.

Texnoloq sözlərinə belə davam edib: “Amma immun sisteminə zülal da lazımdır və zülal da istehlak edilməlidir. Yəni yüngül zülallar istehlak olunsa, daha məqsədəuyğun olar. Dəniz məhsulları balıqlar, çox vaxt deyirlər ki, "r" hərfi olmayan aylar balıq olmur. Bunlar hamısı boş sözlərdir, izahı yoxdur. Yəni balıqlar isti aylarda tez xarab olduğuna görə deyirlər ki, olmaz. Amma onun saxlanma şəraiti, emalı və bişirmə texnologiyası diqqət altında olarsa, heç bir ziyanı yoxdur. Əksinə, daha da faydaları var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə