Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur - RƏSMİ

Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.

Bu barədə SİA-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb: "Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məluamt daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən hər hansı bir məhdudiyyətin olmadığı bildirilib: "Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə