Yunus Oğuz: “Ermənilər İranda içki istehsal edir, bunun harası islam dövləti oldu?” - MÜSAHİBƏ

Yunus Oğuz: “Ermənilər İranda içki istehsal edir, bunun harası islam dövləti oldu?” - MÜSAHİBƏ

- Son zamanlar İran İslam Respublikası Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini daha açıq şəkildə ortaya qoyub. Xüsusən ölkənin dini rəhbəri Azərbaycanda hicab məsələsi ilə bağlı tətbiq olunan qanunun geniş müzakirəsinə çalışır. Sizcə, İranın bu hərəkətləri qarşısında hansı məqsədlər dayanır?

 

- Yalnız son dövrlər deyil, İran Azərbaycan müstəqil olandan sonra daxili işlərimizə həddindən çox qarışır. Bu da təbiidir. İran gözəl bilir ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycanın iki yerə bölünərək quzey və güney adlandırılması və Azərbaycanın quzey hissəsinin müstəqillik əldə etməsi son nəticədə güney azərbaycanlıların mədəniyyətinə, ruhuna təsir edəcək, inqilab savaşına rəvac verəcək. Buna görə də İran 1991-ci ildən başlayaraq Azərbaycan əleyhinə təbliğat aparır, bu təbliğatın aparılması üçün külli miqdarda vəsait ayırırlar. Azərbaycandan İrana təhsil almaq adı altında tələbələr aparırlar və onların fikirlərini dəyişdirərək yenidən Azərbaycana yönəldirlər. Məqsəd də odur ki, Azərbaycanda qarışıqlıq yaratsınlar. Azərbaycanda 2003-cü ildə keçirilən prezident seçkilərinə İran da hazırlaşırdı. Bu məqsədlə Azərbaycana 2-3 min emisar göndərilmişdi. İran burada inqilab həyata keçirmək istəyirdi, amma Azərbaycan hökuməti bunun qarşısını aldı. Seçkidən bir gün sonra mağazaların vitrinləri qırılsa da günahkarlar məsuliyyətə cəlb olunmadı. Çünki onlar Azərbaycan vətəndaşları deyildi. İrandan gələn emisarlar etirazçıların arasına qarışdılar, daha sonra isə aradan çıxdılar. Hicab məsələsi də bəhanədir. İranda müəyyən qruplar var ki, İranın maliyyəsi ilə burada islam adı altında qarışıqlıq yaratmaq istəyirlər. Azərbaycan prezidenti və müdafiə nazirinin müharibə ilə bağlı verdiyi bəyanatlar və Azərbaycanın güclənməsi İranı daha da narahat etməyə başladı və daxili işlərimizə qarışmaq daha intensiv xarakter aldı. İranın bu həssas məqamda hicabla bağlı bəyanatları ermənilərə mesajdır, ermənilərə deyilir ki, narahat olmayın, biz Dağlıq Qarabağı müharibə yolu ilə qaytarılmasına imkan vermərik. İran gözəl başa düşür ki, Azərbaycan gücləndikcə, müdafiə qüdrəti artdıqca bu İranın özü üçün təhlükəlidir. İrandan gələnlər görür ki, Azərbaycan necə inkişaf edir. Azərbaycanda fikir və söz azadlığı var, mülkiyyətin toxunulmazlığı var. Sadaladıqlarım İranda yoxdur. İrandan gələnlər görür ki, Azərbaycanda sayı 100 minə çatmayan xalq üçün öz ana dilində məktəbi, dərslikləri var. İran da bu inkişafı görür və başa düşün ki, Güney Azərbaycan bir gün ayağa qalxaraq haqqını tələb edəcək.

 

- İranda son günlər yüksələn inqilab əhvali-ruhiyyəli mitinqlərə azərbaycanlıların dəstək verməməsi nə ilə əlaqədardır?

 

- İranda XX əsrdə 4 dəfə inqilab olub. Bu inqilabların hamısında Azərbaycan zərər çəkdi. Azərbaycanlılar həbsxanalara düşdülər, mənəvi təzyiqlərə məruz qaldılar. Guzey Azərbaycanın müstəqil olması güneylilərə bir daha sübut etdi ki, hər millətin öz dövləti olmalıdır. Düzdür, onlar heç bizimlə birləşmək istəmirlər, molla rejimindən haqlarını almaq istəyirlər. 1979-cu il inqilabı zamanı azərbaycanlılara söz vermişdilər ki, sizin haqlarınızı verəcəyik. Amma şah rejiminin daha pisini molla rejimi tətbiq etdi. Ona görə də onlar fikirləşirlər ki, rejimin dəyişməsi onların haqları ilə bağlı problemi həll etmir. Fikirləşirlər ki, ana dilində məktəbi olmayacaq, ana dilində qəzet olmayacaq və farslaşdırma siyasəti davam edəcək. Ona görə də fikirləşirlər ki, rejimin dəyişməsi onlara heç nə verməyəcək. İranda 100 min erməni yaşayır və onların öz millət vəkilləri, ana məktəbləri, mətbu orqanları var, amma 35 milyonu keçən azərbaycanlıların elementar hüquqları yoxdur. İran bilir ki, onlara ana dilində yazıb-oxumaq hüququ verilsə, oyanacaqlar və son nəticədə müstəqillik tələb edəcəklər. İran fikirləşir ki, azərbaycanlıları fars başlı etməklə istədiklərinə nail ola biləcəklər. İran müxalifətinin lideri Musəvi də fars başlıdır. Onlar Azərbaycan xalqına xidmət etməyi heç zaman fikirləşməyiblər. BMT keçəni il dövləti olmayan ən böyük xalq kimi güney azərbaycanlıların adını çəkmişdi. Dünyada elə bir xalq yoxdur ki, sayı 35 milyonu keçsin, amma ana dilində məktəbi, mətbuat orqanı olmasın. Uşaq bağçasına verilən uşaq fars dilini bilmirsə, onu götürmürlər. İndiki müxalifət isə bir qəpiyin başqa bir üzüdür. İran müxalifəti də güneyli azərbaycanlılarla heç bir iş aparmırlar, aydın deyil ki, Musəvi, Kərrubi və yaxud Rəfsəncani nə istəyir, onlar yalnız hakimiyyətə gəlmək istəyirlər. Hansı rejimi ortaya qoymaq istədiklərini demirlər. Etiraz aksiyalarına dəstək verməməkdə güneyli azərbaycanlılar düzgün edirlər və zamanı gələndə haqlarını da alacaqlar.

 

- Ermənistan-İran əməkdaşlığını, İranın işğalçı ölkəyə yardımlarını necə qiymətləndirmək olar?

- Səhv etmirəmsə, İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyanda İran bitərəf qalmışdı. Ermənistana zəhər verən İranın özüdür. Xocalı faciəsindən sonra Kəlbəcər işğal olundu, Türkiyə Ermənistanla sərhədləri dərhal bağladı. İran bunu etmədi. Öz qardaşlarımızın hazırladığı neftdən hər gün 1,5 milyon tonu Təbriz vasitəsilə Ermənistana ötürür. Farsların öz adına çıxardıqları mədəniyyətin 90 faizi türklərin mədəniyyətidir. Xalça toxunmasından başlayaraq arxivlərə qədər hər şey müştərək tariximizdir. Amma İran bunu fars mədəniyyəti kimi təqdim edir. Güneyli soydaşlarımız ayağa qalxaraq Ermənistanla sərhədlərin dərhal bağlanmasını tələb etməlidir. Bunu İran etmir, guya islami qaydalara əməl edən dövlətdir. Ermənilər İranda içki istehsal edir, bunun harası islam dövləti oldu? İslam qardaşlığından danışılırsa, sərhədlər niyə bağlanılmır? Ona görə bağlamır ki, bu İrana sərf etmir. 1992-ci ildə prezident səlahiyyətlərini yerinə yetirən Yaqub Məmmədov İran gedəndə İran əl altdan Şuşanı ermənilərə verdi. İran həm özü, həm də Ermənistan tərəfdən təxribat aparır ki, Azərbaycanın inkişafının qarşısını alsın. Azərbaycanda bir neçə kənd var ki, İranın anklavıdır. Müəyyən bir məsələ olan kimi ayağa qalxırlar. Hicab məsələsində ayağa qalxanlar İrandan Ermənistanla sərhədləri bağlamağı niyə tələb etmirlər? Niyə tələb etmilər ki, Ermənistana yağ göndərməsinlər, çörək göndərməsinlər, neft göndərməsinlər? Həmin kəndlər bir dəfə İrana etiraz etməyiblər. Çünki onlara pulu İran göndərir.

Bütün xəbərlər Facebook səhifəmizdə