Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair konfrans keçiriləcək

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə dekabrın 4-5-də Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair “Xoşbəxt Yusifzadə qiraətləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək. SİA xəbər verir ki, akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunan konfransın keçirilməsində məqsəd neft-qaz axtarışı sahəsində yeni elmi metod və texnologiyaların tətbiqinin, neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemlərin müzakirə edilməsidir. “Xoşbəxt Yusifzadə qiraətləri” konfransında təcrübəli alimlərlə yanaşı, gənc mütəxəssislər də iştirak edəcəklər. Müxtəlif ölkələrdən olan mütəxəssislər neft və qaz geologiyasının aktual problemlərindən danışacaqlar.

Konfrans çərçivəsində Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursunun keçirilməsi nəzərdə tutulur. Konfransda 10-a yaxın ölkədən alim iştirak edəcək və 80-dən çox məruzə dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə