“İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir: “Qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Həmin Məcəllənin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir”.
Turan Abdullazadə sözlərinə belə davam edib: ““Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur. Yəni, Lotereya və idman mərc oyunları istisna olaraq qumar oyunlarına şamil edilmir.
Qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır.
Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunur ki, “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür.
Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsi 5 mart 2004-cü il tarixli “Lotereyalar haqqında” qanunla müəyyən edilir.
Həmin qanunun 3.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli fərmanının 2.1.-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. Həmin fərmanın 2.5.-ci maddəsinə uyğun olaraq, qeyd edilən orqan (qurum) “Azərlotereya” ASC-dir.
Göründüyü kimi, lotereyaların təşkili və keçirilməsi qanunla, fərmanla “Azərlotereya” ASC-yə həvalə edilmişdir.
Lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin, habelə məqsədli lotereyanın keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə həmin səlahiyyətli orqan Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirir.
Lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.
İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə