Emin Mahmudov: İslandiya ilə oyunda yaxşı nəticə qazana bilərik

“Sabah bizi ağır oyun gözləyir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “İnanıram ki, meydanda baş məşqçinin tapşırıqlarını yerinə yetirib yaxşı nəticə qazana bilərik. Neçə oyundur qələbə qazanmırıq. Sabah buna son qoymaq istəyirik”.

E.Mahmudov “Qarabağ”ın islandiyalı sabiq qapıçısı Hannes Haldorssonun Azərbaycan yığmasının şansının az olduğu haqqında fikirlərinə də toxunub: “Bu barədə məlumatımız yox idi. Onsuz da motivasiyamız var idi. Bu sözlər bizi daha da ruhlandıracaq. Sözümüzü meydanda deyəcəyik”.

Uzun müddət yığmada kapitan olduğunu söyləyən yarımmüdafiəçi əlavə edib: “Uşaqlarla çox danışıram. Meydana eyni düşüncə ilə çıxmağa çalışırıq. Millidə oynayırıq. Bundan daha yaxşı motivasiya ola bilməz. Buraya hər zaman yaxşı nəticə ilə gəlməliyik”.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə