"Bu Azərbaycanın milli iradəsinin və tarixi ədalətin təntənəsi idi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"2023-cü ildə Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində bir sıra tarixi əhəmiyyət daşıyan nəticələr əldə olundu. Əvvəlcə Azərbaycanın suverenliyi bərpa olundu. Bu əməliyyatlar nəticəsində erməni seperatizmi sıradan çıxarıldı. Bu məsələ təkcə, Birinci Qarabağ müharibəsində və sonradan başlamamışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan torpağına qarşı iddiaları ötən əsrin əvvəllərində var idi:

"Bu məqsədlə Azərbaycana qarşı soyqırımlar törədildi. Təbii ki, regionda maraqlı olan digər qüvvələr də məhz bu seperatizmdən istifadə edərək sülhə maneə törədirdilər. Azərbaycan antiterror əməliyyatları ilə təkcə suverenliyini bərpa etmədi, həmçinin Cənubi Qafqazda əsrlərlə davam edən planı alt-üst etdi. Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları ilə yalnız daxili sabitlik və suverenlik bərpa olunmadı, həm də regional əməkdaşlıq və inteqrasiya üçün yeni imkanlar yaradıldı. Bu, həm də sülhə aparan yolun açılması deməkdir. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüquq çərçivəsində mümkündür. Bu əməliyyatlarla separatçılığa və işğalçılığa son qoyulması həm də digər dövlətlərə nümunə ola bilər ki, ərazi bütövlüyü və suverenlik heç bir halda güzəştə gedilməməlidir. Nəticə etibarilə, 2023-cü ilin antiterror əməliyyatları Azərbaycanın təkcə hərbi-siyasi uğuru deyil, həm də milli iradəsinin və tarixi ədalətin təntənəsi idi".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə