"Su ehtiyatlarının qorunması üçün əsaslı islahatlara ehtiyac var" - EKOLOQ DANIŞDI
"Azərbaycanın yeraltı su ehtiyatları təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilir. Bu su ehtiyatının böyük əksəriyyəti şirin su kimi istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, göstərici nəzərəçarpacaq olsa da, suyun istifadə sahələrində düzgün bölgü və idarəetmə problemləri ciddi çətinliklər yaradır: "Hazırda ehtiyatların böyük hissəsi içməli su kimi istifadə olunur. Halbuki suyun keyfiyyətinə görə texniki məqsədlərə daha uyğun olan hissəsi də mövcuddur.
Bakı şəhərində su təchizatı əsasən Şollar bulaqlarından, həmçinin Oğuz-Qəbələ kəmərlərindən təmin edilir. Lakin bu qiymətli ehtiyatlar yalnız içməli su məqsədilə deyil, həm də məişət, təsərrüfat və texniki işlərdə istifadə olunur. Avtomobillərin yuyulması, ağacların sulanması, zavod və fabriklərin fəaliyyəti buna misal göstərilə bilər. Belə yanaşma gələcəkdə içməli su qıtlığının yaranmasına səbəb olur.
Əslində, suyun səmərəli istifadəsi üçün bölgülərin dəqiq aparılması vacibdir. İçməli su yalnız əhalinin sağlamlığına yönəlməli, texniki sular isə istehsalat və digər məişət ehtiyaclarını ödəməlidir. Bu yanaşma həm təbii ehtiyatların qorunmasına, həm də qiymət siyasətində ədalətli bölgüyə imkan verərdi. Çünki texniki və içməli suyun qiyməti fərqləndirildiyi halda, istifadə də daha rasional istiqamətlənə bilər.
Digər tərəfdən, ölkənin su-kanalizasiya sistemi də köhnəlmiş vəziyyətdədir. Bir çox hallarda təmizlənmə prosesi dünya standartlarına cavab vermir. Halbuki müasir texnologiyalar vasitəsilə suyun daha effektiv filtrasiyası və təkrar istifadəsi mümkündür. Məsələn, bəzi ölkələrdə təmizləmə sistemləri elə qurulub ki, su dövriyyəsi zamanı keyfiyyət itmir, əksinə, daha da şəffaflaşır. Azərbaycanda isə eyni suyun bir neçə dəfə istifadəsi həm ekoloji, həm də sanitar təhlükələr yaradır.
Nəticə etibarilə, ölkənin su ehtiyatlarının qorunması və səmərəli idarə olunması üçün əsaslı islahatlara ehtiyac var. Bu islahatlar içməli və texniki suyun ayrılması, israfın qarşısının alınması və kanalizasiya sisteminin modernləşdirilməsi istiqamətində aparılmalıdır. Əks halda, mövcud su ehtiyatlarının zənginliyinə baxmayaraq, gələcək nəsillər ciddi su qıtlığı ilə üzləşə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə