“Fotosərgi Qarabağın dirçəlişini geniş auditoriyaya çatdırır“ - PƏRVİN BAĞIROVA

“Fotosərgi Qarabağın dirçəlişini geniş auditoriyaya çatdırır“ - PƏRVİN BAĞIROVA

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisinin təşkilində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini ictimaiyyətə daha yaxından tanıtmaqdır”.

Bu sözləri, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərgi vasitəsilə Qarabağda aparılan yenidənqurma prosesinin miqyası, tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlər, eləcə də regionun zəngin təbiəti geniş auditoriyaya təqdim olunur. Fotosərgi həm paytaxt sakinlərinin, həm də şəhərin qonaqlarının Qarabağın keçdiyi dirçəliş yolunu əyani şəkildə görməsi baxımından mühüm əhəmiyyət daşıyır.

P.Bağırova qeyd edib ki, sərgidə nümayiş olunan fotolar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq siyasətinin nəticələrini əks etdirməklə yanaşı, Qarabağın gələcək inkişaf perspektivlərinə də diqqət çəkir. Bu cür təşəbbüslər ölkənin bərpa təcrübəsinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasına, eyni zamanda bölgənin tarixi, mədəni və təbii irsinə marağın artırılmasına xidmət edir.

Şöbə müdiri vurğulayıb ki, fotosərginin daha bir əhəmiyyətli tərəfi ziyarətçilərin Qarabağın dirçəliş prosesinə dəstək vermək imkanının yaradılmasıdır. Belə ki, fotoların üzərində yerləşdirilən QR kodlar vasitəsilə Fondun rəsmi internet səhifəsinə keçid etmək, görülən işlər barədə ətraflı məlumat almaq və könüllü ianə etməklə bu prosesə töhfə vermək mümkündür.

O əlavə edib ki, bu layihə Qarabağ Dirçəliş Fondunun Bakı Metropoliteni ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan ikinci fotosərgidir. Bundan əvvəl “Nərimanov” stansiyasında nümayiş etdirilən “Qarabağda Urbisid” fotosərgisi də ictimaiyyət tərəfindən bölgədə Ermənistanın işğalı dövründə törədilmiş dağıntıların və vandalizm aktlarının əyani şəkildə nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub. Həmin sərgidə Qarabağın şəhər və kəndlərində dağıdılmış yaşayış məntəqələrini, tarixi, mədəni və dini abidələri əks etdirən 90-a yaxın foto təqdim edilib.

P.Bağırovanın sözlərinə görə, hər iki sərgi Qarabağın keçmişini, işğal dövründə üzləşdiyi dağıntıları və bu gün həyata keçirilən dirçəliş prosesini ictimaiyyətə çatdırmaq baxımından bir-birini tamamlayan layihələrdir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə