“İslamabaddakı ASAN xidmət mərkəzində 171 mindən çox vətəndaşa xidmət göstərilib” - Pakistanlı Nazir

“İslamabaddakı ASAN xidmət mərkəzində 171 mindən çox vətəndaşa xidmət göstərilib” - Pakistanlı Nazir

Pakistan və Azərbaycan həm dövlət başçıları, həm də xalqlar arasında möhkəm diplomatik münasibətlərə malik ölkələrdir. Pakistan hər zaman Azərbaycanın yanında olub və xüsusilə ölkənin suverenliyi ilə bağlı beynəlxalq məsələlərdə dəstəyini davam etdirəcək.

SİA xəbər verir ki, bunu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” adlı beynəlxalq sammitdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan rəhbərliyi və xalqı da Pakistana hər zaman qarşılıqlı dəstək göstərib.

Nazir dövlət sektorunda rəqəmsal transformasiya sahəsində əməkdaşlıqdan danışarkən “ASAN xidmət” modelinin tətbiqini xüsusi qeyd edib. Onun sözlərinə görə, artıq İslamabadda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu əməkdaşlığa görə Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Agentliyinin sədrinə və onun komandasına təşəkkürünü bildirib.

Şaza Fatima Xavaca qeyd edib ki, mərkəzin yaradılması prosesinin bütün mərhələlərində Azərbaycan tərəfi Pakistana dəstək göstərib. Layihələndirmə, icra, proqram təminatlarının tətbiqi və əməkdaşların təlimi istiqamətində qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Nazir bildirib ki, Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi bu prosesə rəhbərlik edib. Mərkəzdə 64-65 dövlət xidmətinin vahid məkanda təqdim olunması üçün təxminən 12 dövlət qurumu ilə koordinasiya yaradılıb. Azərbaycan komandası xidmətlərin seçilməsi və idarə olunması prosesində yaxından iştirak edib. Hazırda həmin xidmətlərin iş proseslərinin yenidən qurulması istiqamətində fəaliyyət davam etdirilir.

Onun sözlərinə görə, növbəti mərhələdə “ASAN xidmət” mərkəzlərinin Azad Cammu və Kəşmir, Gilgit-Baltistan və Pakistanın digər əyalətlərində də fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

Federal nazir İslamabaddakı mərkəzin fəaliyyətinin nəticələrinə də toxunub. O bildirib ki, mərkəz yanvar ayında Pakistanın Baş naziri tərəfindən açılıb və son 10 ay ərzində burada 171 mindən çox vətəndaşa xidmət göstərilib. Orta xidmət müddəti 10 dəqiqədən, vətəndaşların gözləmə müddəti isə 10 dəqiqədən azdır.

Şaza Fatima Xavaca vurğulayıb ki, “ASAN xidmət” modeli vətəndaş məmnuniyyəti baxımından müasir və əhatəli xidmət məkanı yaradıb. Onun sözlərinə görə, dövlətin vətəndaşlar tərəfindən qiymətləndirilməsi birbaşa onlara göstərilən xidmətlərin keyfiyyəti və bu xidmətlərdən əldə etdikləri təcrübə ilə bağlıdır.

Nazir əlavə edib ki, İslamabadda “ASAN xidmət” mərkəzinin açılması ilk addımdır. Əsas məqsəd modeli ölkə üzrə genişləndirmək və Pakistanın bütün vətəndaşlarının bu xidmətlərdən yararlanmasına imkan yaratmaqdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə