“Emosional gərginlik insanları ehtiyacları olmadığı halda alış-veriş etməyə sövq edir” - PSİXOLOQ DANIŞDI

“Emosional gərginlik insanları ehtiyacları olmadığı halda alış-veriş etməyə sövq edir” - PSİXOLOQ DANIŞDI

Stress, emosional gərginlik və daxili narahatlıq bəzi insanları alış-verişə yönəldə bilər. Belə hallarda insan aldığı əşyadan daha çox, alış-verişin yaratdığı müvəqqəti rahatlıq və məmnunluq hissinə ehtiyac duyur. Əslində, bəzən məqsəd yeni geyim və ya əşya əldə etmək deyil, diqqət görmək, özünü dəyərli hiss etmək və daxili boşluğu doldurmaq olur. Bu baxımdan əsas məsələ alış-verişin miqdarı deyil, alınan məhsulların həqiqi ehtiyacdan irəli gəlib-gəlməməsidir.

Bu fikirləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanlar bəzi hallarda stressdən uzaqlaşmaq, əhval-ruhiyyələrini yaxşılaşdırmaq və qarşılanmamış emosional ehtiyaclarını kompensasiya etmək üçün alış-verişə üstünlük verirlər:

“Lakin bu yolla əldə edilən rahatlıq əksər hallarda müvəqqəti olur və alınan əşyalar insanın əsl problemini həll etmir. Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu olan bəzi şəxslərdə də impulsiv alış-veriş davranışına meyillilik müşahidə edilə bilər. Bu davranış davamlı xarakter aldıqda insan ehtiyacı olmayan məhsulları almaq istəyinə qarşı müqavimət göstərməkdə çətinlik çəkir.

Emosional alış-veriş zamanla həm maliyyə problemlərinə, həm də psixoloji çətinliklərə yol aça bilər. İnsan belə məqamlarda özünə sual verməlidir: Mən hazırda stress keçirirəmsə və ya emosional boşluq hiss edirəmsə, yeni geyim və ya çanta almaq həqiqətən də mənə kömək edəcəkmi? Yoxsa bu, sadəcə mövcud narahatlığımı bir müddət unutmaq cəhdidir?

Belə vəziyyətlərdə insanın öz hisslərini tanıması və onu alış-verişə sövq edən səbəbləri müəyyənləşdirməsi vacibdir. Bunun üçün yaşadığı emosiyaları yazıya köçürə, narahatlıqlarını təhlil edə və problemlərin həlli istiqamətində konkret addımlar müəyyənləşdirə bilər.

Bəzən insanlar alış-veriş zamanı ehtiyaclarını deyil, həmin an yaranan istəklərini əsas götürürlər. Nəticədə aldıqları geyim və əşyalardan istifadə etmir, onları dolabda saxlayırlar. Bu isə həm maddi vəsaitin boş yerə xərclənməsinə, həm də lazımsız əşyaların çoxalmasına səbəb olur. İnsan dolabını yeni məhsullarla doldursa da, bu, onun daxilindəki emosional çatışmazlığı aradan qaldırmır.

Ona görə də stresslə mübarizə apararkən insan öz daxili imkanlarından istifadə etməyi bacarmalıdır. İlk növbədə narahatlığın mənbəyini müəyyənləşdirmək, problemin həlli üçün plan hazırlamaq və zərurət yarandıqda mənfi emosiyalara səbəb olan mühitdən uzaqlaşmaq lazımdır. Çünki həyatımızda stress və münaqişələrlə yenidən qarşılaşma ehtimalı var. Hər dəfə belə hallarda alış-verişə üz tutmaq əvəzinə, çətinliklərin öhdəsindən sağlam psixoloji üsullarla gəlməyi öyrənmək daha məqsədəuyğundur.

Əsas olan insanın emosional ehtiyaclarını alış-verişlə deyil, özünü tanımaq, narahatlıqlarının səbəblərini anlamaq və problemlərinin həlli üzərində işləməklə qarşılamağıdır. Bu yanaşma həm lazımsız xərclərin qarşısını alır, həm də insanın psixoloji vəziyyətini daha sağlam şəkildə idarə etməsinə kömək edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə