“ASAN xidmət” uzun illərdir Azərbaycanın intellektual brendinə çevrilib. Hazırda Azərbaycan ASAN modeli 50-dən çox ölkəyə ixrac olunur. Altı ölkədə ümumilikdə 600-dən çox ASAN xidmət mərkəzi fəaliyyət göstərir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sammitdə dünyanın 100-dən çox ölkəsindən 300-ə yaxın qonaq iştirak edir. Onların arasında dövlət orqanlarının rəhbərləri, ekspertlər və beynəlxalq təşkilatların rəhbər heyətinin nümayəndələri yer alır.
Agentlik sədri qeyd edib ki, sammit çərçivəsində dövlət xidmətləri və idarəçiliyi sahəsində ASAN xidmət modeli kimi uğurlu təcrübələrin təbliği, müzakirəsi, eləcə də bu sahədə qarşıda duran çağırışların müzakirəsi nəzərdə tutulur.
Ülvi Mehdiyev sammitin beynəlxalq Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi ilə bağlı suala cavabında bildirib ki, tədbir zamanı BMT Baş katibinin müavini Azərbaycan dövlətini ASAN xidmət modelinin və onun Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrin tanınması münasibətilə xüsusi təşəkkürnamə ilə təltif edib.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün böyük qürur mənbəyidir. BMT tərəfindən ölkənin şəffaflıq, bürokratik maneələrin aradan qaldırılması, xidmətlərin hər kəs üçün əlçatan olması və heç kimin kənarda qalmaması prinsiplərinə sadiqliyinə yüksək qiymət verilib. Bu prinsiplər Dayanıqlı İnkişaf Məqsədlərinin də əsasını təşkil edir.
Ülvi Mehdiyev vurğulayıb ki, Azərbaycan həmin prinsipləri tətbiq edən və öz təcrübəsini dünya dövlətləri ilə bölüşən ölkə kimi tanınır.
ASAN xidmət modelinin gələcəkdə hansı ölkələrə ixrac ediləcəyi ilə bağlı suala cavab olaraq Agentlik sədri bildirib ki, hazırda 50-dən çox ölkə ilə əməkdaşlıq aparılır. Bu ölkələr Avropa, Asiya, Afrika və Amerika qitələrini əhatə edir.
O qeyd edib ki, sözügedən ölkələr rəsmi şəkildə Azərbaycana müraciət edib və hazırda onlarla işçi səviyyəsində əməkdaşlıq həyata keçirilir. Məqsəd həmin ölkələrdə də ASAN modeli əsasında xidmət mərkəzlərinin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB