“Xəzərin ekoloji tarazlığı və balıq ehtiyatlarının qorunması prioritet olmalıdır” - DEPUTAT DANIŞDI
“Xəzər dənizinin su bioresurslarının qorunması və balıq ehtiyatlarının gələcək nəsillər üçün mühafizə edilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə qanunsuz balıq ovunun qarşısının alınması, mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və balıqçılıq təsərrüfatlarının inkişafına dəstəyin artırılması vacibdir”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, balıqçılıq və akvakultura sahəsində mövcud problemlər və çatışmazlıqlar danılmazdır:
”Bununla belə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində müvafiq qurumun yaradılması, həmin istiqamətdə institusional dəstəyin gücləndirilməsi və həyata keçirilən tədbirlər sahənin inkişafı üçün yeni imkanlar formalaşdırıb.
Deputat qeyd edib ki, “Balıqçılıq haqqında” qanun bu sahənin inkişafı üçün zəruri hüquqi çərçivə yaradır. Belə ki, qanunvericilikdə balıqçılığın inkişaf istiqamətləri, dövlətin bu sahədə üzərinə düşən vəzifələr, dəstək mexanizmləri və digər mühüm məsələlər müəyyənləşdirilib. Bu hüquqi imkanlardan səmərəli istifadə etməklə balıqçılıq təsərrüfatlarının fəaliyyətini genişləndirmək və mövcud problemlərin həllinə nail olmaq mümkündür.
T.Rzayev vurğulayıb ki, xüsusilə Xəzər dənizində balıq ehtiyatlarının azalmasının qarşısının alınması, qeyri-qanuni ov hallarına qarşı mübarizənin gücləndirilməsi və bu sahədə mütəmadi monitorinqlərin aparılması mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, su bioresurslarının qorunması yalnız nəzarət tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda balıq ehtiyatlarının bərpasına və artırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilməlidir.
Komitə sədri əlavə edib ki, akvakultura sahəsinin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, ölkənin mövcud təbii və iqtisadi potensialının düzgün qiymətləndirilməsi vacibdir. Müasir yetişdirmə texnologiyalarından istifadə, balıq təsərrüfatlarının imkanlarının genişləndirilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi həm daxili bazarın tələbatının ödənilməsinə, həm də istehsal həcminin artırılmasına şərait yarada bilər.
Deputatın sözlərinə görə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi sistemli yanaşma və ciddi məsuliyyət tələb edir. Xəzər dənizinin ekoloji tarazlığının qorunması, balıq ehtiyatlarından səmərəli istifadə olunması və akvakulturanın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. Bu istiqamətlərdə məqsədyönlü fəaliyyət həm biomüxtəlifliyin mühafizəsinə, həm də ölkədə balıqçılıq sektorunun uzunmüddətli inkişafına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB