Xəzərin və dünyanın su problemi - PROBLEM

Dünyanın ən böyük gölü quruyur və artıq “Belçika”nı itirib

Xəzər dənizi fəlakətlə üz-üzədir. Dünyanın ən böyük gölünün qurumaq təhlükəsi yaranıb. Əgər siyasi, iqtisadi münasibətlərdən doğan müdaxilələr olmasa dəniz-gölü xilas etmək mümkün hesab edilir, amma Xəzəryanı ölkələr hələlik konkret razılığa gələ bilmirlər. 20 ildən az müddətdə dəniz səthinin sahəsi 34 min kvadrat kilometrdən çox kiçilib. Bu da Belçikanın ərazisindən böyükdür. Suyun keyfiyyəti də pisləşməkdədir, “təmiz” kateqoriyasını itirir, “orta dərəcədə çirklənmiş” mərhələsinə keçid alır, zərərli maddələrin konsentrasiyası da getdikcə qatılaşır. Dəniz səviyyəsinin aşağı düşməsi tendensiyası 1990-cı illərdə başlayıb və 2020-ci ildən sürətlənib. Son dörd il ərzində dəniz səviyyəsi təxminən 80 santimetr aşağı düşüb.

…Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çində keçirilən “ŞƏT Plus” sammitində Xəzər dənizindəki ekoloji vəziyyətlə bağlı fikirləri diqqət çəkib. Belə ki, o, dənizin sürətlə fəlakət həddinə yaxınlaşdığını bildirib və məsələni beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirəyə çıxarmağın vacibliyini vurğulayıb. Tokayev qeyd edib ki, son illərdə Xəzər dənizinin səviyyəsinin enməsi, biomüxtəlifliyin azalması və çirklənmənin artması region ölkələrini narahat edən əsas problemlərdəndir. Xəzərdə vəziyyət kritik həddə çatıb. Proses davam edərsə, dənizkənarı ekosistemdə faciəvi nəticələr qaçılmaz olacaq. Yalnız Xəzəryanı ölkələrin birgə səyləri ilə məsələni həll etmək mümkündür. Çünki burada təkcə təbii amillər deyil, eyni zamanda, antropogen faktorlar, siyasi motivli addımlar rol oynaya bilər. Xəzərin əsas qida mənbəyi mənbəyini Rusiyanın şimalından götürən və min kilometrlərlə məsafə qət edən, son zamanlar suvarmada geniş istifadə edilən Volqa çayıdır.

Xəzər dənizinə daxil olan suyun təxminən 80%-ni və gölün ümumi su balansının 64%-ni təmin edən Volqa çayının illik axınının azalması da fəlakət həddini artırır. Son illərdə Volqanın illik axını 210 ilə 232 kub kilometr arasında olub ki, bu da tarixi orta göstəricidən 250 kub kilometrdən xeyli aşağıdır. Paralel olaraq havanın temperaturunun yüksəlməsi buxarlanma sürətini artırır ki, bu da suyun səviyyəsini daha da azaldır. Alimlər bu dəyişiklikləri qlobal iqlim dəyişikliyi və istixana qazları emissiyalarının davamlı artması ilə əlaqələndirirlər. Dənizə axan suyun həcminin azalması insan fəaliyyəti, xüsusən də kənd təsərrüfatı, sənaye və kommunal ehtiyaclar üçün çaylardan suyun xeyli çəkilməsi ilə əlaqədardır. Xəzər dənizinə axan 130 çaydan əksəriyyəti 1970-ci illərin əvvəllərinə qədər tənzimlənirdi, bu gün isə belə tədbirlər gözə dəymir. Mütəxəssislərin fikrincə, yalnız 1970-1990-cı illərdə qeydə alınan səviyyə ilə müqayisə oluna bilən ildə təxminən 270 kub kilometr həcmində daimi su axını gölün davam edən dayazlaşmasının qarşısını ala bilər.

“Xəzər dənizi - Dostluq və Sülh dənizi”

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov “Xəzər dənizi - Dostluq və Sülh dənizi” beynəlxalq konfransında çıxışı zamanı qeyd edib ki, Xəzər Ekoloji Forumunun keçirilməsi zəruridir. Tədbir Xəzəryanı dövlət başçılarının su anbarının problemlərinə, xüsusən də onun sürətlə dayazlaşmasına həsr olunmuş sammitinin hazırlanması platformasına çevrilməlidir. Elmi araşdırmalara görə, 2024-cü ildə Xəzər dənizinin səviyyəsi mənfi 29 metrə çatıb, 21-ci əsrin sonunda isə daha 21 metr azala bilər. Alimlər bunun əsas səbəblərini iqlim dəyişikliyi və antropogen fəaliyyətdir: həddindən artıq su qəbulu, çayların tənzimlənməsi, qolların tükənməsidir. Xəzər dənizi beş ölkənin sahillərini yuyur: Türkmənistan, Rusiya, Qazaxıstan, Azərbaycan və İran. Hər bir dövlət əvvəllər suyun səviyyəsini sabitləşdirmək üçün öz tədbirlərini təklif etmişdi. Belə ki, 2024-cü ildə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev anbarın qorunub saxlanılması üçün birgə işlərə başlamaq barədə razılığa gəliblər. Oxşar məsələləri Rusiyanın baş naziri Mixail Mişustin və onun müavini Dmitri Patruşev müzakirə ediblər. Qazaxıstan da öz növbəsində Xəzər dənizinə axınların əsas mənbəyi olan Volqa çayının sularının birgə tənzimlənməsini təklif edib.

Ekspertlər vurğulayırlar ki, ekoloji fəlakətin qarşısının alınması, biomüxtəlifliyin qorunması və regionun su ehtiyatlarından davamlı istifadənin təmin edilməsi üçün bütün Xəzəryanı ölkələrin kompleks yanaşması və fəaliyyətlərinin əlaqələndirilməsi son dərəcə vacibdir. Türkmənistanın forumun keçirilməsi təşəbbüsü əməkdaşlığın gücləndirilməsi və Xəzər dənizinin mühafizəsi üçün birgə həll yollarının tapılması istiqamətində atılan addım kimi konfrans iştirakçıları tərəfindən dəstək alıb.

İran prezidenti dərin böhranı etiraf edib

İran prezidenti Məsud Pezeşkian ölkənin bu gün üzləşdiyi ağır problemlərdən danışıb. Onun sözlərinə görə, İranda kəskin su, işıq və qaz qıtlığı yaşanır. İran lideri vurğulayıb ki, "bəndlərin arxasında su yoxdur. Ayağımızın altındakı quyular da boşalır. Su olduğunu iddia edənlər gəlib desinlər ki, bu su haradadır".

Analitiklərin fikrincə, hazırkı vəziyyət İran-İraq müharibəsi başa çatdıqdan sonra ən çətin vəziyyətlərdən biridir. Resurs çatışmazlığı uzunmüddətli idarəetmə səhvləri, eləcə də bu yay 12 günlük hərbi münaqişənin nəticələri ilə daha da ağırlaşıb və bu, böhranı daha da pisləşdirib. Müşahidəçilər hesab edirlər ki, Pezeşkian bu bəyanatı ilə elita daxilindəki “qırğılar”a yeni müharibə olacağı təqdirdə rejimin sağ qalmaq riski ilə üzləşə biləcəyini çatdırmağa çalışır. Eyni zamanda, hökumətə başçılıq edən prezident ölkə iqtisadiyyatına cavabdehdir və uğursuzluqlar zamanı əsas tənqid hədəfinə çevrilmək riski var.

Son illərdə İran iqlim dəyişikliyi, quraqlıq və əhalinin artımı ilə daha da dərinləşən genişmiqyaslı su böhranı ilə üzləşib. Mütəxəssislərin fikrincə, ölkədə yeraltı su ehtiyatları sürətlə tükənir və bəndlərin tikintisi problemi həll etməyib. Enerji kəsiri Qərbin sanksiyaları və regionda qeyri-sabitlik səbəbindən daha da artır. İqtisadi təzyiq fonunda Tehran sərt ritorika ilə daxili sabitləşmə ehtiyacı arasında tarazlıq qurur.

Sibirdən su gəlməsə…

“Berlek-Birlik” Geosiyasi Araşdırmalar Mərkəzi (Ufa), “Mano” Tədqiqat Təşəbbüsləri Mərkəzi (Daşkənd) və “Vostochnıy Ekspress” internet nəşrinin birgə təşkilatçılığı ilə keçirilən “Mərkəzi Asiyanın su ehtiyatları: inam çatışmazlığı, yoxsa su çatışmazlığı?” adlı beynəlxalq onlayn brifinqdə özbəkistanlı professor Rəvşən Nəzərov qeyd edib ki, adətən Sibir çaylarının Orta Asiyaya yönləndirilməsi bağlı çağırışlar səhrada ağlayan səsə bənzəyir. Çoxları bu layihəni ya qeyri-mümkün, ya da çox bahalı hesab edir. Bəs insan həyatından qiymətli bir şey varmı? Bu gün Mərkəzi Asiya regionunda 80 milyon insan var və bu əhali getdikcə artır. Tezliklə biz 100 milyonluq kritik həddə çatacağıq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, regionda ən böyük su istehlakçısı Qazaxıstan və ya Özbəkistan deyil, Türkmənistandır - ildə 53 kub kilometr su. Bu, Qazaxıstan və Özbəkistanın birlikdə istehlak etdiyindən çoxdur. Səbəblər aydındır: Türkmənistan ən köhnəlmiş istismar obyektlərinə, buxarlanma nəticəsində böyük su itkilərinə və minimum sayda beton kanallara malikdir.

Qırğızıstanda da 2020-ci ildən nisbi su qıtlığı yaranıb. Təhlükəsizlik baxımından su problemi radikalizm problemindən də kəskindir. Və bu mübaliğə deyil. Şimali Əfqanıstan kanalı ilə bağlı vəziyyəti götürək. O, tam gücü ilə işə salınarsa, Türkmənistan və Özbəkistanın qərb rayonları praktiki olaraq susuz qalacaq. Nəticələri göz qabağındadır: ekoloji miqrasiya, artıq Aral dənizinin timsalında məlumdur, yalnız daha geniş miqyasda olacağı qaçılmazdır.

Sibirdən gələn su Orta Asiyaya gəlməsə, o zaman bölgədən 100 milyon insan Sibirə gələcək. Absurd səslənir, amma reallığın məntiqi belədir. Artıq 1950-ci illərin əvvəllərində ekspertlər Aral dənizinin taleyini proqnozlaşdırırdılar. O zaman onların xəbərdarlığını ciddiyə alan olmadı. Necə ola bilər ki, nəhəng su anbarı sadəcə qurusun? Zaman keçdi, insanlar gülməyi dayandırdılar, amma heç nə etmək mümkün deyil. Bircə Aral dənizinin dibinə quraqlığa davamlı bitkilər səpmək qalır. Doğrudanmı bu ssenari bütün Mərkəzi Asiyanın ərazisi üçün təkrarlana bilər?

Təkcə pambıq deyil, həm də çəltik - rayonda ən çox su tələb edən məhsullardan biridir. Bir kiloqram düyü bir kiloqram pambıqdan daha çox su tələb edir. Və biz hər gün həyəcan təbili çalana qədər vəziyyət daha da pisləşməyə davam edir. Deyəndə ki, böhran astanasındayıq, bu, doğru deyil. Biz artıq geri dönüş nöqtəsinin başladığı xətti keçdik. Hər şey bu anda hansı qərarların veriləcəyindən asılıdır. Orta Asiyada bir adam ildə orta hesabla 1500 kubmetr, Rusiyada isə 30 000 kubmetr su alır. Bəli, bəzi Afrika ölkələrində olduğu kimi 500 kubmetr deyil, lakin artıq kritik dərəcədə aşağıdır. Su olmasa, bütün digər məsələlər ikinci plana keçir.

Rusiya su bolluğu şəraitində yaşasa belə, gələcəyi də düşünməlidir. İllik daşqınlar, iqlim dəyişikliyi - bütün bunlar yeni problemlər yaradır. Məsələn, 55.000 kvadrat kilometr sahəsi olan Sibirdəki dünyanın ən böyük bataqlığını götürək. Bu, əksər Avropa ölkələrindən daha böyükdür. Bataqlıqlar kifayət qədər olduqda yaxşıdır, lakin artıqlığı da problemlər yaradır. Biz bu məsələləri köhnə üsullarla, kanallar qazmaqla həll edə bilmirik, çünki xərclər çox olacaq. Halbuki bütün dünya neft və qazı borularla vurur. Su niyə istisna olmalıdır? Sabah su neftdən bahalaşacaq və bu, artıq bir çox ərəb ölkələri üçün reallıqdır.

Kabil ilk müasir şəhər ola bilər

Əfqanıstanın paytaxtı Kabil müasir tarixdə su ehtiyatlarına çıxışını tamamilə itirmiş ilk böyük şəhər olmaq riski altındadır. Mercy Corps beynəlxalq humanitar təşkilatının məlumatına görə, şəhərdə yeraltı suların səviyyəsi kəskin şəkildə azalır və təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər 7 milyona yaxın şəhər sakini əsas içməli su mənbəyini itirəcək. Bu barədə Britaniyanın "The Guardian" nəşri təşkilatın yeni hesabatına istinadən məlumat yayıb. Araşdırmalar göstərir ki, son on ildə Kabilin yeraltı sulu təbəqələrində suyun səviyyəsi 30 metr aşağı düşüb. Bu, sürətli urbanizasiya, rasional su idarəçiliyinin olmaması və iqlim dəyişikliyinin təsirləri ilə bağlıdır. Hazırda şəhərdə əhalini su ilə təmin edən quyuların demək olar ki, yarısı artıq quruyub. Mercy Corps ekspertləri yaxınlaşan ekoloji fəlakət barədə xəbərdarlıq edərək bildirirlər ki, vəziyyət yaxın beş ildə dəyişməzsə, Kabil tamamilə içməli susuz qala bilər.

Problem Kabil əhalisinin son iki onillikdə nəzərəçarpacaq dərəcədə artması ilə daha da ağırlaşır. 6,5 milyonu keçən əhalinin sayı artmaqda davam edir, şəhər infrastrukturu praktiki olaraq inkişaf etməmiş və su istehlakına nəzarət yoxdur. Şəxsi quyuların nəzarətsiz istismarı yeraltı ehtiyatların tükənməsini sürətləndirir. Bölgədə daha tez-tez və uzun sürən quraqlıqlar da rol oynayır. Qrunt sularının təbii doldurulma mənbəyi olan ətraf dağlarda qar örtüyü daha tez əriyir, yağıntıların miqdarı azalır.

Ekspertlər Əfqanıstan hakimiyyətini və beynəlxalq ictimaiyyəti paytaxtın su ehtiyatlarına qənaət etmək üçün dərhal proqramları həyata keçirməyə çağırırlar. Yağış sularının yığılması sistemlərinin tikintisi, ənənəvi Əfqanıstan kanallarının (kəhriz) bərpası və səmərəli sudan istifadə texnologiyalarının tətbiqi kimi tədbirlər təklif olunur. Əfqanıstanın müvəqqəti hökuməti hələlik vəziyyəti şərh etməyib. Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla bağlı iqtisadi və siyasi çətinliklər problemin həllini çətinləşdirir. Tezliklə tədbirlər görülməsə, Kabil iqlim dəyişikliyi, urbanizasiya və zəif resursların idarə olunmasının şəhər infrastrukturunun dağılmasına səbəb olmasının faciəvi nümunəsinə çevrilə bilər.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə