Pəhriz çörəyi seçərkən ən çox edilən səhvlər - DİETOLOQ AÇIQLADI

”Çoxları düşünür ki, “diet çörəyi” yeyirsə, avtomatik arıqlayacaq. Bu isə tam doğru deyil. Heç bir çörək təkbaşına arıqlatmır. Arıqlamağın əsas şərti ümumi kalori balansı və düzgün qidalanmadır”.

Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, pəhriz çörəyi seçərkən bunlara diqqət etmək vacibdir:

1. Tərkib (inqrediyentlər)
İlk sırada “tam buğda unu”, “çovdar unu” və ya “yulaf unu” yazılmalıdır. Əgər “ağ un” və ya rafinə olunmuş un üstünlük təşkil edirsə, bu seçim uyğun sayılmır.

2. Lif miqdarı (fiber)
Liflə zəngin çörəklər daha uzun müddət toxluq hissi yaradır və bağırsaq fəaliyyəti üçün faydalıdır.

3. Şəkər və əlavə qatqılar
Bəzi “fit” adı ilə satılan çörəklərə şəkər, sirop və müxtəlif qatqılar əlavə olunur. Buna görə etiket mütləq oxunmalıdır.

4. Kalori
“Diet” yazılması onun aşağı kalorili olması demək deyil. Bəzən belə çörəklər adi çörəklərlə eyni kaloriyə malik olur.

5. Porsiya
Ən sağlam çörək belə həddindən artıq istehlak olunarsa, arıqlama prosesinə mane ola bilər.

Ən doğru yanaşma
Çörəyi tamamilə rasiondan çıxarmaq məcburi deyil. Əsas məsələ düzgün növ seçmək və porsiyanı nəzarətdə saxlamaqdır.

Alternativlər
Qarabaşaq (qreçka), yulaf, qarğıdalı əsaslı seçimlər və tərəvəz bazalı “çörəksiz” variantlar istifadə oluna bilər.

Pəhriz çörəyi möcüzə deyil. Düzgün seçildikdə qidalanmaya müsbət təsir edir, lakin təkbaşına arıqlatma gücünə malik deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə