“ABŞ İran limanlarına blokada tətbiq edərək ticarəti məhdudlaşdırıb” - POLİTOLOQ DANIŞDI

“Hazırda ABŞ–İran qarşıdurmasını mərhələli eskalasiya və idarə olunan hərbi-siyasi toqquşma modeli olaraq xarakterizə etmək daha düzgün olar. Yəni tərəflər arasında açıq silahlı qarşıdurma ehtimalı qalmaqda davam edir, amma eyni zamanda diplomatik kanallar da hələ tam bağlanmayıb və hər iki tərəf yeni hərbi əməliyyatlardan qaçmağa çalışır”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ABŞ-nin regionda hərbi fəallığını artırması, İranın isə simmetrik və asimmetrik cavab mexanizmlərini gücləndirmə potensialına malik olması bu qarşıdurmanı daha qeyri-sabit və proqnozlaşdırılması çətin bir mərhələyə gətirib:

“Gedişatın əsas xüsusiyyəti ondan ibarətdir ki, münaqişə tək bir cəbhədə deyil, çoxşaxəli formada inkişaf edir. Bir tərəfdən dəniz təhlükəsizliyi və strateji boğazlar ətrafında gərginlik artır, digər tərəfdən regiondakı proksi qruplar vasitəsilə dolayı toqquşmalar hələ də davam edir. ABŞ üçün əsas məqsəd İranın regional təsir imkanlarını məhdudlaşdırmaq və onun nüvə və raket potensialını strateji risk səviyyəsindən aşağı salmaqdır. İran isə öz növbəsində həm çəkindirmə qabiliyyətini qorumağa, həm də daxili siyasi sistemin dayanıqlığını təmin etməyə çalışır. Bu səbəbdən Tehran üçün müharibə təkcə hərbi məsələ deyil, həm də rejimin davamlılığı ilə birbaşa bağlı strateji məsələdir.
Hazırda ən kritik məsələ ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasıdır deyə bilkərik. İranın Hörmüz boğazı ilə bağlı təhdidləri və bu boğazdan təzyiq aləti kimi istifadə etməsi, nəticə etibarilə onun özünün də blokadaya alınmasına gətirib çıxarıb. ABŞ Tehranın Hörmüz kartından istifadə imkanlarını əlindən almaq üçün İranın bütün dəniz limanlarına blokada tətbiq etməklə ölkənin idxal və ixrac potensialına məhdudlaşdırıb.
Belə şəraitdə İran üçün bir nömrəli prioritet vəzifə həmin blokadanın götürlməsi ilə bağlıdır. İran son bir həftə ərzində ABŞ-a yönəlik təkliflərində, mümkün danışıqların və razılşamaların dəniz blokadasının götürülməsindən sonra mümkün olacağına dair bəyanatlar verir. ABŞ isə blokadanın yalnız İranla yekun razılşamadan sonra götürülə biləcəyini deyir. Belə vəziyyət isə razılaşma imkanlarını məhdudlaşdırır. Amma bütün bu fikir ayrılıqlarına baxmayaraq tərəflər arasında razılşma imkanları hələ tam aradan qalxmayıb. Çünki heç bir tərəf tammiqyaslı müharibə arzulamır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə