"Marketinq strategiyaları alış qərarlarına birbaşa təsir göstərir" - EKSPERT DANIŞDI
"Son dövrlərdə, xüsusilə pərakəndə satış mərkəzlərində tətbiq olunan güclü marketinq strategiyaları istehlakçı davranışına ciddi təsir göstərir. İnsanlar məhsul seçərkən çox vaxt onun tərkibindən və keyfiyyət göstəricilərindən daha çox qablaşdırmasına diqqət yetirirlər".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, istehsalçılar da bundan istifadə edərək məhsulları parlaq rənglərdə, qırmızı, sarı, qara və digər cəlbedici dizaynlarda qablaşdıraraq alıcıların diqqətini cəlb etməyə çalışırlar: "Bu isə bəzi hallarda yanlış seçimlərə səbəb olur.
Düzgün seçim etmək üçün istehlakçılar məhsulun etiket məlumatlarını diqqətlə oxumalıdırlar. Xüsusilə qida və enerji dəyəri, tərkibi, istehsal və son istifadə tarixi kimi məlumatlar əsas götürülməlidir.
Uşaqlar üçün nəzərdə tutulan qidaların seçilməsində daha həssas yanaşma vacibdir. Bu qidalar onların fiziki və əqli inkişafına müsbət təsir edəcək keyfiyyətdə olmalıdır.
Süd və ət məhsulları seçilərkən yalnız qablaşdırmaya deyil, həm də müvafiq sənədlərə diqqət yetirilməlidir. Süd məhsulları üçün ekspertiza aktı, ət məhsulları üçün isə baytarlıq şəhadətnaməsinin mövcudluğu vacibdir.
Hazır qida məhsullarına gəldikdə isə onların hazırlanma vaxtı, saxlanma şəraiti və temperatur rejimi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ictimai iaşə müəssisələrində isti yeməklər minimum +60°C temperaturda təqdim olunmalıdır. Bu, qidanın təhlükəsizliyi və sağlamlıq baxımından əsas şərtlərdən biridir.
Beləliklə, istehlakçılar məhsul seçərkən vizual cəlbediciliyə deyil, keyfiyyət göstəricilərinə və təhlükəsizlik meyarlarına üstünlük verməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB