Ali məktəblərə yüksək balla qəbul olunan şəkili məzunlarla görüş...

Şəki Heydər Əliyev Mərkəzində rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla, həmçinin respublika fənn olimpiadalarının və digər müsabiqələrin qalibləri ilə görüş keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər və valideynlər iştirak ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev 2024-2025-ci tədris ilinin yekunları və təhsil sahəsində əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.

‎Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, Şəkidə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, tələbə adını qazanan məzunları təbrik edib, gənclərə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tələbə adını qazanan məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmələrini arzulayıb. Diqqətə çatdırılıb ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu il regionun təhsil ocaqlarının məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar.

‎Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Turana Kərimova çıxış edərək bildirib ki, gənclərin qazandığı uğurlar müəllimlərin gərgin əməyinin, valideynlərin dəstəyi və dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Komitə sədrinin müavini yüksək nəticə göstərmiş məzun və şagirdləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

‎Əməkdar müəllim Dursun Cavadova tələbə adını qazanmış məzunları təbrik edib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

‎Respublika fənn olimpiadasının bürünc medalçısı, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Orxan Abdulsəmədli çıxış edərək, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

‎Sonra Şəki rayonu üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunların, respublika fənn olimpiadalarının və digər müsabiqələrin qaliblərinin, həmçinin tədris ilinin yekunlarına əsasən, qızıl və gümüş nişanla təltif olunanların mükafatlandırılması mərasimi olub.

‎Tədbir bədii hissə ilə başa çatıb.

‎Qeyd edək ki, 2024–2025-ci tədris ilində buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri üzrə ümumilikdə 176 məzun 600-dən yuxarı bal toplayıb. İmtahanlarda Şəki rayonu üzrə 67, Qəbələ rayonu üzrə 57, Zaqatala rayonu üzrə 22, Qax rayonu üzrə 12, Balakən rayonu üzrə 10, Oğuz rayonu üzrə isə 8 məzun yüksək nəticə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə